Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş Çingiz Salman oğlu Qurbanovun ad günü münasibətilə Qusar şəhərində anım mərasimi keçirilib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, anım mərasimində Müdafiə Nazirliyinin, Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Qəhrəmanın ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Öncə Milli Qəhrəmanın məzarını ziyarət edən iştirakçılar ölkəmizdə Vətən uğrunda şəhid olan hər bir hərbi qulluqçunun xatirəsinin əziz olduğunu qeyd ediblər. Çıxış edənlər Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yoluna nəzər salıblar. Bildirilib ki, Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusarın Həzrə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Texniki Universitetində davam etdirib. 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov iyul ayında həqiqi hərbi xidmətə yollanıb. 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Şəhidin cəsədi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.
2017-ci il fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalayıb. Onun adı Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə verilib. Ç.Qurbanovun adını daşıyan küçədə barelyefi qoyulub.
Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü Abdulla Qurbani, Anım mərasimində Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yolundan söhbət açıb. Şəhid əsgərin xidmətlərinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, adının əbədiləşdirildiyini, xatirəsinin əziz tutulduğunu, Silahlı Qüvvələr tarixində ilk olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə adının xidmət etdiyi döyüş mövqeyinə verildiyini və şəxsi heyətin daimi siyahısına salındığını qeyd edib.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun atası Salman Qurbanov qusarlıların işğal altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bildirib.
Sonra tədbir iştirakçıları Ç.Qurbanovun adını daşıyan küçədə qoyulan barelyefin önünə tər güllər düzüb, şəhidlərimizin xatirəsini ehtiramla anıblar.
Tədbir iştirakçılarına Müdafiə Nazirliyinin nəşri olan A.Qurbaninin “Çingiz dastanı” kitabı hədiyyə edilib.
Qeyd edək ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun bu gün 25 yaşı tamam olur.