• SOSİAL

    15:17 19 iyun 2019

MM-in Komitə sədri: "Azərbaycanda minimum əməkhaqqı Ermənistan və Gürcüstandan yüksək olacaq" - MÜSAHİBƏ -

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin APA-ya müsahibəsi

- Dövlət başçısının maaş artımı ilə bağlı son sərəncamlarını necə dəyərləndirirsiniz?

- Ölkəmizdə sosial müdafiə sistemində aparılan islahatlar xalqın rifahının yaxşılaşmasına xidmət edir. Prezident İlham Əliyev 2019-cu ili əhalinin sosial müdafiəsinin gücləndirilməsi ili elan edib. Bu istiqamətdə ardıcıl addımlar atılır, 40-ya yaxın sərəncam və fərman imzalanıb. Bundan öncə əhalinin həssas qrupları ilə bağlı imzalanan sərəncam və fərmanlarla 2 milyona qədər əhali əhatə olunub, 2 milyard manat vəsait ayrılıb. Son sərəncam və fərmanlar, ümumilikdə iki paket sənədlər qrupu 2 milyon nəfərə qədər insanın gəlirlərinin artmasına xidmət edəcək. Təkcə minimum əməkhaqqının artırılması 600 min Azərbaycan vətəndaşının əməkhaqqını artıracaq. Bu məqsədlər üçün il ərzində büdcədən 400 milyon manat vəsait tələb olunur.

Bu gün ən sevindirici hallardan biri odur ki, pensiyanın minimum həddi 116 manat idi, sonra bu 160 manata qaldırıldı. Prezidentin son sərəncamı ilə həmin məbləğ 200 manata çatdırılır. Bunun hesabına xeyli pensiyaçı gəlirləri artır. Bu da 660 min pensiyaçının gəlirlərinin artmasına xidmət edəcək. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan bir sıra şəxslərin maaşı 40 faiz artırılıb. Bu da böyük bir qrup əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edəcək. Müəllimlərimizin də rifah halının yaxşılaşması üçün maaşlarda 20 faiz artım nəzərdə tutulub. Bu da 160 min nəfərin sosial durumunu yaxşılaşdıracaq.

Beləliklə, atılan son addımlardan sonra Azərbaycan Cənubi Qafqazda minimum əmək haqqının səviyyəsinə görə lider mövqedə qərarlaşacaq. Azərbaycanda minimum əməkhaqqı Ermənistan və Gürcüstandan yüksək olacaq. Bu fərq gələcəkdə daha da artacaq.

- Maaşlar demək olar ki, ilk dəfədir 40 faiz artırılır. Belə kəskin artımı hansı amillər şərtləndirib?

- Bu, Prezidentin apardığı ardıcıl siyasətin nəticəsidir. Dövlət başçısı həmişə bəyan edib ki, ölkədə iqtisadiyyat inkişaf etdikcə, maliyyə imkanları artdıqca, bu, son nəticədə Azərbaycan vətəndaşlarının güzəranının yaxşılaşmasına xidmət edəcək. Azərbaycan sosial sabitlikdən sosial rifah dövlətinə çevrilir. Bu istiqamətdə ardıcıl iş aparılır.

- Maaşların, sosial müavinətlərin artırılması istiqamətinlə yeni qərarlar gözlənilirmi?

- Belə addımlar gözlənilir. İlin sonuna qədər belə qərarlar, sənədlər çox olacaq. Diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əmək haqqı 20 faiz artırılıb. İl ərzində müəllimlərin əmək haqqında yenə də artım olacaq.

- Bu ilin dövlət büdcəsində bu artımlarla bağlı vəsait nəzərdə tutulmuşdumu?

- Əmək haqlarının artımı ilə əlaqədar 2019-cu ilin dövlət büdcəsində vəsait nəzərdə tutulmamışdı. Bu artımlar əlavə imkanlar hesabına həyata keçirilir. Prezidentin apardığı struktur dəyişiklərin nəticəsi, əldə olunan əlavə gəlirlər hesabına bu maliyyələşmə təmin olunur. Bu da Prezidentin gördüyü işlərin nəticəsidir. Bununla bağlı dövlət büdcəsində də dəyişikliklər ediləcək. Sabah Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçiriləcək. İclasda büdcəyə dəyişikliklərlə bağlı layihə müzakirə olunacaq və parlamentin plenar iclasına tövsiyə olunacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR