Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin köməkçisi vəzifəsinin tutulması üçün daxili müsahibə elan edib.
ONA-nın xəbərinə görə, müsahibədə inzibati vəzifədə MTRŞ-da qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər.
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu aprelin 22-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09-00-dan 13-00-dək və 14-00-dan 18-00-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər.
Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər.
Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün MTRŞ-nın Hüquq və beynəlxalq əlaqələr şöbəsinə müraciət edilə bilər.