Milli Televiziya və Radio Şurası (MTRŞ) 31 Mart – Azərbaycanlıların soyqırımı günündə “Space” televiziyasında musiqili-əyləncəli proqramın nümayiş etdirilməsinə münasibət bildirib.
MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov ONA-ya deyib ki, qanunvericilikdə soyqırımı günündə teleradio yayımçılarının proqram setkası ilə bağlı konkret tələb yoxdur.
Onun sözlərinə görə, yalnız rəsmən elan olunmuş matəm günləri ilə bağlı tələblər var, həmin günlərdə reklam və əyləncəli efir materialları verilməməlidir.
“Lakin məlumdur ki, 31 Mart dövlət tərəfindən rəsmən soyqırımı günü elan olunub və bununla bağlı Prezident fərmanı var. Bu isə hər kəsin, o cümlədən yayımçıların həmin gündə məsuliyyətli olmalarına əsas verir. Digər tərəfdən teleradio yayımçıları Azərbaycanın vətəndaş cəmiyyətinin mühüm avanqard tərkib hissələrindəndir. Onlar cəmiyyət üçün həssas məqamlarda daha çevik davranmalıdırlar. Rəsmən soyqırımı günü elan olunmuş tarixdə hansısa ad günü tədbirinin, əyləncəli şou-proqramın təxirə salınması kanal üçün problem olmamalı idi. Yəqin ki, gələcəkdə həmin kanal ictimaiyyətin qınağına tuş gələn bu addımı bir daha təkrarlamaz”, - deyə T. Dadaşov qeyd edib.
Qeyd edək ki, dünən - 31 Mart Soyqırım Günündə “Space” telekanalında “Ad günü” adlı musiqili-əyləncəli proqram nümayiş etdirilib.