Vahid aylıq müavinət şamil edilməyən məcburi köçkünlər barədə məlumatlar “Elektron Hökumət” portalında yerləşdiriləcək.
ONA-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə qeyd edilib ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə verilən vahid aylıq müavinət barədə dəqiq məlumatların əldə olunması və izlənməsini təmin etmək məqsədilə Əmək və Əhalinin SOSİAL Müdafiəsi Nazirliyinin mütəxəssisləri ilə birlikdə vahid aylıq müavinət alan şəxslərin fərdi identifikasiya nömrələri ilə qeydiyyata alınması 2018-ci il ərzində başa çatdırılıb və dəqiqləşdirilimiş məlumatlar hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya Sisteminin serverində toplanıb.
Eyni zamanda vahid aylıq müavinət şamil edilməyən məcburi köçkünlərin də fərdi identifikasiya nömrələri ilə qeydiyyata alınması və əldə olunan məlumatların digər qurumlar üçün də əlçatan olması üçün həmin məlumatların həm də “Elektron Hökumət” portalında yerləşdirilməsi üzrə işlər hazırda davam etdirilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” 26 fevral 2019-cu il tarixli sərəncamına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb. Beləliklə, fərdi evlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə bütün kommunal xidmət xərclərinin onların özləri tərəfindən ödənilməsi üçün ayda 60 manat, təbii qazla təmin olunmayan, sayğac quraşdırılmayan yığcam məskunlaşma obyektlərində faktiki yaşayan məcburi köçkünlər üçün isə kommunal xərcləri dövlət büdcəsindən xidmət təşkilatlarına ödənilməklə, vahid aylıq müavinət 33 manat məbləğində müəyyən edilib. İndiyə qədər bu aylıq müavinətlərin məbləği müvafiq olaraq 40 manat və 22 manat olub.