“Aşura günü ilə bağlı keçirilən mərasimlərdə bəzən qan çıxarma, baş yarma, zəncir vurma kimi xurafat əlamətləri olan hərəkətlərə yol verilirdi. Bu hərəkətlər dinimizdə də bəyənilmir. Ona görə bunun əvəzinə Aşura günü ilə bağlı qanvermə aksiyaları keçirilir”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, sentyabrın 1-dən Məhərrəm ayı başlayıb və həmin gündən etibarən məscidlərdə Kərbəla faciəsi ilə bağlı mərasimlər keçirilir: “Bildiyiniz kimi, Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəm ayı ilə bağlı fətvası var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə monitorinqlər həyata keçirir. Monitorinqlərə əsasən, Məhərrəm ayı ilə bağlı məscidlərdə keçirilən mərasimlər həmin fətvaya uyğun keçirilir. Monitorinqin keçirilməsində məqsəd odur ki, mərasimlərin fətvaya uyğun keçirilib-keçirilmədiyi yoxlanılsın. Biz bütün bu məlumatları toplayırıq və birgə müzakirə edirik. Əgər hər hansı məsciddə fətvadan kənara çıxma halları və yaxud qanun pozuntusu olursa, bununla bağlı müvafiq tədbirlər görülür. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həmin məscidin imamına xəbərdarlıq olunur ki, bunlar təkrar edilməsin. Ancaq elə bir ciddi qanun pozuntusu aşkar etməmişik, mərasimlər sakit və fətvaya uyğun şəkildə mərasimlər keçirilir. Əsas mərasim Aşura günü olacaq. Həmin gün Qafqaz Müsəlmanları İdarəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, eyni zamanda ayrı-ayrı dini konfessiyaların nümayəndələri Şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə qanvermə aksiyasında iştirak edəcək. Mən də həmin qanvermə aksiyasında iştirak edəcəyəm”.
Dövlət Komitəsinin sədri qeyd edib ki, respublika üzrə qanvermə keçiriləcək yerlərin siyahısı artıq elan edilib: “Səhiyyə Nazirliyi bununla bağlı müvafiq göstərişlər verib, qruplar ayrılıb. Həmin aksiyalarda iştirak edəcək vətəndaşlarımızın qanvermədə iştirak etməsi olduqca əhəmiyyətlidir. Əminəm ki, qan verənlərin sayı kifayət qədər yüksək olacaq. Ötən il 5000-dən çox vətəndaş qanvermə aksiyasında iştirak edib. Bunun müsbət tərəfi hamıya məlumdur, çünki qan ehtiyatına, bu qana ehtiyacı olan xəstələr var. Verilən qanlar tibbi nöqteyi-nəzərdən yoxlanıldıqdan sonra Qan Bankına daxil edilir”.
Mübariz Qurbanlı qeyd edib ki, Aşura günündə qan verilməsi təşəbbüsü ilk dəfə Azərbaycanda olub: "Qeyd edim ki, Aşura gününün qeyd edildiyi dünyanın müxtəlif bölgələrində Azərbaycan nümunəsi təkrar olunmaqdadır. Bizim dəyərlərimiz var, islamda dinlə bağlı mərasimlərimiz də var. Kərbəla hadisəsinin qeyd edilməsi də həmin mərasimlər sırasındadır, Aşura hüzn mərasimidir. Bu mərasimdə vətəndaşların iştirakı insanların öz istəyindən asılıdır. Biz demokratik, azad ölkəyik və dini etiqad azadlığı hər zaman təmin edilir".
Qeyd edək ki, Azərbaycanda Aşura mərasimi sentyabrın 10-da qeyd olunacaq.