“Bel yırtıqlarının 90 faizi normal halda konservativ müalicə edilir. Azərbaycanda belə bir dəb var. Adətən, deyirlər ki, “mənimi bel yırtığım neçə millimetrdir”. Əslində bu, millimetrlə ölçülən bir şey deyil. Hər hansı sinir kökcüklərinə basqı yoxdursa, həmin yırtığın neçə millimetr olmasının önəmi yoxdur”.
Bunu E-tibb.az-a Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Travmatologiya və ortopediya şöbəsinin müdiri, uzman həkim Cəfər Nəsirli deyib.
C.Nəsirli bildirib ki, bel yırtığı müəyyən fizioterapevtik hərəkətlərlə tamamilə sağalan bir xəstəlikdir. Bunun üçün cərrahi əməliyyata tələsməmək lazımdır: “Sadəcə, bir az səbrli olmaq, müəyyən fizioterapevtik üsullardan istifadə edərək, bunun qarşısını almaq olur.
Bel yırtığının ən böyük səbəblərindən biri çəkinin çox olmasıdır. Digər tərəfdən, bəzən insanlar normal səviyyədən çox yük qaldırırlar. Ya da bəzi insanlar 50 yaşına çatır, ağlına gəlir ki, gedib idmanla məşğul olsun. Əlbəttə, idmanla məşğul olmaq yaxşıdır, amma 50 yaşında gedib ağırlıq qaldırmaq olmaz. 50 yaşında insan yürüş edə, üzməyə gedə, tennis oynaya bilər. Yəni yüngül idman növləri ilə məşğul olmaqla bədəninin sağlamlığını qoruya bilər. Düşüncəsiz şəkildə idmanla məşğul olmaq insana ancaq zərər verə bilər”.
Mütəxəssis vurğulayıb ki, bel yırtığı probleminin aradan qaldırılmasında üzgüçülüklə məşğul olmağın yetərincə əhəmiyyəti var: “Üzmək bel əzələlərinin güclənməsində böyük rol oynayır. Digər tərəfdən, üzgüçülük təbii su masajı kimi bir şeydir. Üzgüçülüyün insana böyük faydası var və burada zədələnmə riski də çox aşağıdır”.