• SOSİAL

    15:41 27 aprel 2021

Naxçıvana dəmir yolu və avtomobil yolu açılacaq

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilan rayonuna səfər zamanı Mincivan qəsəbəsində olublar.

ONA xəbər verir ki, Prezident İlham Əliyev Mincivan qəsəbəsi qədim yaşayış məntəqəsi olduğunu bildirib: “Orada dəmir yolu stansiyası var idi. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün dəmir yolunu söküb aparmışlar. O relslərin bir hissəsini satmışdılar, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurmuşdular. Biz indi yenidən dəmir yolunu çəkəcəyik. Bu işlərə start verildi. Mən bir müddət əvvəl Horadiz qəsəbəsində Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Bu dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcəkdir. Əslində, Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir və Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib Naxçıvana dəmir yolu açacağıq və həmçinin avtomobil yolu açılmalıdır.

Buranın da çox gözəl təbiəti vardır - uca dağlar, meşələr. Burada da şiddətli döyüşlər gedib, düşməni sərhədə qədər qovmuşuq, şəhidlər vermişik. Ağbənd qəsəbəsini - Ermənistan sərhədinə yaxın yerləşən o qəsəbəni azad edərək düz Ermənistan sərhədinə çıxdıq. İndi bu sərhəddə möhkəmlənirik, burada da sərhəd zastavası fəaliyyət göstərir. Bütün sərhədimizi bərpa etmişik”.

Dövlətimizin başçısı daha sonra erməni işğalçıların viran qoyduğu Mincivan dəmir yolu stansiyasının binasının yerləşdiyi əraziyə gedib.

Prezident İlham Əliyev deyib: “Bura Mincivan dəmir yolu vağzalı olub. Mənfur düşmən bu binanı da yerlə-yeksan edib, dağıdıb, dəmir yolunu söküb, relsləri aparıb, satıb, əridib və tank əleyhinə istehkamların quraşdırılması üçün istifadə edib. Bu bina erməni faşizminin növbəti qurbanıdır, növbəti şahididir. Ermənilər bütün binalarımızı - ictimai binaları, evləri, məscidləri, muzeyləri dağıdıblar, söküblər, talayıblar, daşları oğurlayıb aparıblar, özləri üçün evlər tikiblər.

Biz onları buradan qovduq. Burada şiddətli döyüşlər gedib. Mincivan qəsəbəsi uğrunda şiddətli döyüşlər gedirdi. Bizim Silahlı Qüvvələrimiz burada böyük qəhrəmanlıq göstərdi, düşməni buradan qovdu və Mincivan qəsəbəsini azad etdi. Bundan sonra Ermənistan sərhədinə qədər, Ağbənd qəsəbəsinə qədər uğurla irəliləyərək düşməni torpağımızdan çıxartdı. İndi dəmir yolu yenidən qurulacaq, vağzal da, həmçinin. Dəmir yolunun yenidən qurulması prosesinə start verildi. Horadizdən Ağbəndə qədər dəmir yolu çəkiləcək. Ondan sonra Zəngəzur dəhlizi ilə dəmir yolu Naxçıvan Muxtar Respublikasına qədər uzadılacaq. Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir. Beləliklə, Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşəcək”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR