• SOSİAL

    16:59 20 may 2019

Naxçıvanda dövlət musiqi təhsili müəssisələrinə işə qəbul müsabiqə əsasında aparılacaq

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nı təsdiq edib.

ONA-nın məlumatına görə, bu Qaydalar ali və orta ixtisas musiqi təhsilli şəxslərin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi təhsili müəssisələrinə işə qəbulu və həmin müəssisələrdə çalışanların bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması məsələlərini tənzimləyir.

Müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Naxçıvan Mədəniyyət Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müəssisələrdə kitabxana informasiya ixtisası üzrə işə qəbul və qiymətləndirmə yalnız test imtahanı vasitəsilə aparılır. Test imtahanı kompüter, müsahibə isə dinləmə vasitəsilə keçirilir. Müsabiqə uyğun vakansiya yarandıqda Nazirliklə birlikdə Komissiya tərəfindən elan edilir. Müəssisələrdə işləyən müəllimlər arasında dərs bölgüsü qanunvericiliyə uyğun aparılmaqla vakant yerlər haqqında məlumatı müəssisə rəhbərliyi tabelik üzrə rayon (şəhər) mədəniyyət şöbəsinə, mədəniyyət şöbəsi, habelə Naxçıvan Musiqi Kollecinin rəhbərliyi Nazirliyə təqdim edir. Bu məlumatların düzgünlüyü Nazirliyin müvafiq struktur bölməsi tərəfindən yoxlanılır.

Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər məzuniyyətə buraxılanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Orta ixtisas təhsili müəssisələrində dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün illik dərs yükü 500 saat, yəni 1 stavka (bu zaman illik dərs yükü 1 stavkadan artıq olmamalıdır), uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində isə müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 12 saat, yəni 1 stavka (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü müvafiq saatdan az olarsa, həmin saatlar, ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisas üzrə kadr olmadıqda, həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir. Sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiya hesab olunmur. Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində müvafiq dərs yükü ayrılır və əmrləşdirilir.

Müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas musiqi təhsili müəssisəsi üçün ali, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üçün ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom), yaxud ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənəd (arayış) almış, xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində Komissiyanın internet portalı vasitəsilə elektron formada qəbul edilir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsi, dövlət nümunəli təhsil sənədinin (diplomun) və ya ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənəd (arayışın) vəəmək kitabçasının surətlərini Komissiyanın internet portalı vasitəsilə Komissiyaya təqdim etməlidirlər. Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmiş şəxslərin dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyinin yoxlanılması məqsədi ilə onların siyahısı Komissiya tərəfindən Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası regional bölməsinə göndərilir. 2003-cü ildən sonra ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunub, lakin “Tələbə-məzun” dövlət elektron məlumat sistemində diplom nömrələri aşkar olunmayan şəxslərin elektron müraciətləri Komissiya tərəfindən ləğv olunur və bu barədə 3 iş günü müddətində onlara rəsmi məlumat verilir. Xarici ali təhsil müəssisələrinin məzunları təhsil sənədlərinin Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinə dair şəhadətnamənin əslini və notarial qaydada təsdiq olunmuş surətini Komissiyaya təqdim etməlidirlər.

Orta ixtisas musiqi təhsili müəssisələrinə işə qəbul üçün test imtahanında hər bir namizədə ümumilikdə 80 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə 70, informasiya və kommunikasiya texnologiyalarına aid 10 test tapşırığı təqdim edilir. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 120 dəqiqə vaxt verilir. Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün test imtahanında hər bir namizədə müəssisələrdə tədris olunan ixtisaslar üzrə 50 test tapşırığı təqdim edilir. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 75 dəqiqə vaxt verilir. Hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir. Orta ixtisas musiqi təhsili müəssisələrinə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün60 faizini (30 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir. Keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılır. Müsahibənin keçirilməsi üçün Nazirlikdən 1, Komissiyadan 1, muxtar respublikada fəaliyyət göstərən ali təhsilli müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılır. Müsahibə mərhələsində namizədin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyəti yoxlanılır. Müsahibə mərhələsində namizədə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt ayrılır. Müsahibənin nəticələri balla qiymətləndirilir. Müsahibə komissiyasının üzvlərinin namizəd barəsində verdiyi ballar arasında əhəmiyyətli fərq (4 və daha çox bal) olduqda və ya müsahibənin keçirilməsi zamanı obyektivlik və şəffaflıq prinsipləri pozulduqda müsahibənin nəticəsi ləğv edilə və yeni müsahibə komissiyası yaradıla bilər. Müsahibədə 12 və ya daha çox bal toplamış namizəd bu mərhələdən keçmiş sayılır və müvafiq vəzifəyə təyin olunmaq üçün imtahan nəticələri Nazirliyə təqdim olunur.

Müsahibə nəticələri eyni olduqda test imtahanında daha çox bal toplamış şəxs vəzifəyə təyin olunur. Ali və orta ixtisas təhsilli namizədlər tərəfindən test imtahanında eyni bal toplanıldıqda, ali təhsilli namizədə, keçid balını toplamış namizədlərin hamısı ali təhsilli və ya orta ixtisas təhsilli olduqda ixtisas fənni üzrə daha çox bal toplayan namizədə üstünlük verilir. İxtisas fənni üzrə toplanılan bal eyni olduqda pedaqoji stajı daha çox olan, pedaqoji staj eyni olduqda isə diplom göstəriciləri daha yaxşı olan namizədə üstünlük verilir. Müsahibənin nəticəsi ilə razı olmayan namizədin apelyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra 1 həftə müddətində Komissiyanın səlahiyyətli nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı ilə Nazirlikdə baxılır və müvafiq qərar qəbul edilir. Həmin qərar 3 iş günü müddətində namizədə verilir. Namizəd bu qərardan qanunvericilikdə müəyyən edilmiş qaydada şikayət verə bilər.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR