Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində nazir Sahil Babayevin sağlamlıq imkanları məhdud xanımlarla görüşü keçirilib.
ONA-nın xəbərinə görə, 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə baş tutan tədbirdə çıxış edən S.Babayev bildirib ki, respublika əhalisinin 50,1 faizini təşkil edən qadınlar əmək və məşğulluq sahəsində kişilərlə bərabər iştirak imkanlarına malikdir.
"Nazirliyin sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin əhatə etdiyi vətəndaşların da mühüm bir hissəsi qadınlardır. Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə indiyədək 1628 gənc peşə hazırlıq kurslarına cəlb edilib. Onların 541 nəfəri qadınlardır. Hazırda Mərkəzdə peşə reabilitasiyasında olanların da 32 nəfəri qadınlardır" – deyə nazir qeyd edib.
S.Babayev bildirib ki, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin bütün məzunları özünəməşğulluq proqramlarına cəlb ediləcək, mərkəzin məzunlarının hər birinə burada çalışdıqları avadanlıqlar veriləcək: "Həmin avadanlıqlar evlərində quraşdırılacaq ki, məzunlar peşə fəaliyyətlərini davam etdirə bilsinlər. Tapşırıq vermişəm ki, "Əlillik qüsur deyil" kitabı hər il yenilənsin. Gələcəkdə biz onun elektron versiyasını da hazırlayacağıq. Veb səhifəsi gələcəkdə sizin əl işlərinizdən ibarət satış mərkəzinə çevriləcək. İlin sonunda ikinci "DOST Mərkəzi"ndə sizin əl işləriniz üçün satış mərkəzi yaradılacaq. Bundan sonra yaradılacaq hər bir “DOST Mərkəzi"ində müəyyən bir hissə əlilliyi olan şəxslər üçün ayrılacaq".