Azərbaycanda məşğulluq xidmətləri orqanlarının gücləndirilməsi mövzusunda təlim kursunun açılış mərasimi keçirilib.
ONA-nın xəbərinə görə, təlim kursunun Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə təşkil edildiyini xatırladan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, təlim zamanı gənclərin məşğulluğu, ömürboyu təhsil və gənclərin əmək bazarına çıxışı müzakirə ediləcək.
Azərbaycanda sosial sahədə islahatların aparıldığını vurğulayan nazir müavini deyib ki, gənclərin məşğulluğunun təmin edilməsi ilə bağlı ardıcıl tədbirlər görülür. Bu tədbirlər çərçivəsində yeni iş yerləri yaradılır və gənclər işlə təmin olunur.
Onun sözlərinə görə, il ərzində 4 minə yaxın gənc peşə kurslarına cəlb edilir: "Ötən il 130 minə yaxın gəncə peşə xidməti məsləhəti verilib və həmin gənclərin əmək bazarına daxil olması üçün zəruri biliklər aşılanıb".
Təlim zamanı gənclərin məşğulluğunun artırılmasında və təmin edilməsində məlumat sisteminin vacibliyi vurğulanıb. Bildirilib ki, bu sahədə monitorinqlər keçirilməlidir.
Tədbirdə o da qeyd olunub ki, strateji sektorlarda şirkətlərin ehtiyaclarının müəyyənləşdirilməsi, gənc işaxtaranların profillənməsi və davamlı məşğulluğu təmin etmək üçün aktiv əmək bazarı proqramlarına ehtiyac var.
Təlim mühazirələrlə davam etdirilir.