“Artıq üçüncü gündür ki, bizim yanğınsöndürənlər Türkiyədə meşə yanğınlarına qarşı mübarizəni davam etdirirlər”.
APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu yanğınla bağlı qardaş ölkədə səfərdə olan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.
Nazir müavini Azərbaycandan yanğınsöndürənlərin fəaliyyətini işıqlandırdığına görə media mənsublarına təşəkkür edib: “Siz media mənsubları da birinci mərhələdə bizim yanğınsöndürənlərlə birgə bura gəlmisiniz, doğrudan da sizinlə qürur duyuruq. Çünki siz bizim zəhmətimizi hamıya çatdırırsınız. Bundan əlavə, qeyd edim ki, ikinci mərhələdə Azərbaycandan göndərilən 54 yanğınsöndürmə texnikası və 250-yə yaxın canlı qüvvə hazırda Ankara istiqamətində hərəkət edir. Planlaşdırmışıq ki, sabah təxminən 12:00-02:00 arasında hadisə yerinə çatsınlar. Bundan sonra bizim gücümüz daha da artacaq və yanğınlara qarşı daha güclü mücadilə edəcəyik. Bu anlarda Azərbaycan xalqının ürəyi türk qardaşlarımızın yanındadır. Hamı səbirsizliklə yanğınların söndürülməsi xəbərini eşitməyi gözləyir. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları var qüvvəsi ilə çalışaraq yanğın irəliləməsinin qarşısını almağa, lokallaşdırıb söndürməyə səy göstərirlər və buna nail olacaqlar”.
E. Mirzəyev Azərbaycanın Türkiyə ilə dostluq və qardaşlıq münasibətlərinin olduğunu diqqətə çatdırıb: “44 günlük müharibə zamanı da Türkiyə dövləti, Türkiyə xalqı daim bizim yanımızda oldu, bizə mənəvi dəstək verdi. Bu gün isə biz tək yanğınsöndürənlərlə deyil, media mənsubları ilə, bütün xalqla Türkiyə xalqının, dövlətinin yanındayıq”.
Nazir müavini əlavə edib ki, Azərbaycandan göndərilən əlavə qüvvələr Türkiyəyə çatandan sonra qarşıya qoyulan vəzifələri və yeni yanğın ərazilərinin söndürülməsi üçün atılacaq addımları dəqiqləşdirmək üçün “Böhran mərkəzi”ndə olacaq: “Burada işlər müvafiq nazirliyin nümayəndələri ilə birgə koordinasiya olunacaq. Hər gün yanğından sonra gördüyümüz işləri və sabah görəcəyimiz işləri müzakirə edəcəyik. Yeni qüvvələrimiz gələndən sonra daha da güclü işləməyimizin şahidi olacaqsınız. Mənə verilən məlumata görə, əsas yanğınlar Mersin bölgəsindədir. Bizə hansı bölgəni ayırsalar, orada fəaliyyətimizi davam etdirəcəyik”.