Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda təqaüd almaq hüququ olan tələbələrin akademik məzuniyyətə gedərkən onlara təqaüdlərin verilməsinin dayandırılması və akademik məzuniyyətdən qayıdarkən təqaüdün verilməsinin bərpa olunması proseduru öz əksini tapmayıb.
ONA-nın məlumatına görə, bu, Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatda əksini tapıb.
Hesabatda qeyd edilir ki, bu səbəbdən təhsil müəssisələrində akademik məzuniyyətə gedən və qayıdan tələbələrə təqaüdün verilməsində mübahisələrin aradan qaldırılması təklif edilib. Təhsil Nazirliyinin Hesablama Palatasına təqdim etdiyi məlumatda “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə” qərar layihəsinin Nazirlər Kabinetinə təqdim olunduğu və qərar layihəsinin müəyyən olunmuş qaydada razılaşdırılması və qəbul edilməsi üçün tədbirlər görüldüyü qeyd edilib.