Bu gün Nazirlər Kabinetində Prezident İlham Əliyevin yanvarın 13-də keçirdiyi müşavirədə hökumətə tapşırıqlarının icrası ilə əlaqədar iclas keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilk müşavirə qeyri-rəsmi məşğulluğun leqallaşdırılması məsələsinə həsr olunub.
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov bildirib ki, Prezident İlham Əliyev yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə hökumət qarşısında 25-dən çox tapşırıq qoyub. Nazirlər Kabineti bu tapşırıqları sistemləşdirib və həyata keçirilməsi üçün Tədbirlər planı hazırlayıb, bununla bağlı müvafiq Sərəncam imzalanıb.
Baş Nazir Əli Əsədov deyib ki, Prezident İlham Əliyev müşavirədə qeyri-formal məşğulluğun qarşısının alınması və şəffaflığın genişləndirilməsini xüsusi vurğulayıb və bu müşavirə Prezidentin tapşırıqlarının icrası üçün keçirilən ilk iclasdır.
Baş Nazir qeyd edib ki, son 2 ildə Dövlət Sosial Müdafiə Fonduna ödəmələrin 37 faizdən çox artması aparılan islahatın real göstəricisidir. Görülən işlərin nəticəsində vergi bazası da genişlənməkdədir: “Amma, Azərbaycan Prezidentinin siyasi iradəsi belədir ki, bu iş daha da güclənməlidir”.
Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin həlli ilə bağlı bu günədək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verən Baş Nazirin müavini, Komissiyanın sədri Əli Əhmədov deyib ki, son 15 ildə ölkədə 2 milyondan çox yeni iş yeri yaradılıb, işsizliyin səviyyəsi 5 faizə enib: “Tədbirlər planı 5 bölmədən 36 maddədən ibarətdir. İndiyədək həmin maddələrin 18-i tam, 7-si qismən icra edilib, 11 maddə üzrə işlər mütəmadi icra olunacaq. Ümumilikdə görülmüş işlər müsbətdir. 2017-ci ilin ikinci yarısından 2019-cu ilin sonunadək ümumilikdə 300 minədək əmək müqaviləsinin artımı müşahidə olunub. İlbəil dinamikanın artması da yaxşı göstəricidir. Təkcə 2019-cu ildə bu göstərici 153 min olub. Həmin 300 minədək artım ümumilikdə məşğul əhalinin faiz etibarilə artımının 21,2 faizi deməkdir.
Əmək və sosial hüquqlarının qorunması ilə bağlı görülən işlər barədə məruzə edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib ki: “2019-cu ildə 153 min əmək müqavilələrinin artımının 99 mini məhz özəl sektorun payına düşür”.