Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İşçi Qrupu Goranboy ərazisində canavar hücumları ilə bağlı monitorinqlərə başlayıb.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, son aylar ərzində Goranboy rayonunun kəndlərinə yırtıcıların davamlı hücumu ilə əlaqədar ETSN tərəfindən yaradılmış İşçi Qrupu Goranboy ərazisində “Azərovçu” ictimai birliyinin əməkdaşları ilə birlikdə monitorinqlər həyata keçirir.
Monitorinqlər Yevlax-Goranboy aralığında yerləşən Məşədiqaralı, Cinli, Boluslu və Eyvazlılar kəndlərində gerçəkləşdirilir.
İşçi Qrupun nümayəndəsi Fariz Qarayev ONA-nın Mingəçevir bürosuna bildirib ki, monitorinqlər ərazidə vəziyyətin sabitləşəcəyi anadək davam etdiriləcək: “Müəyyən etmişik ki, bu canavarlar adları çəkilən kəndlərin yaxınlığına tamamilə fərqli ərazilərdən köç edib, kiçik qruplar halında yaşayırlar. Əvvəlki vaxtlarda onlar bu qədər aqressiv şəkildə kənd ərazilərinə yaxınlaşmayıb. Görünür canavarları buna təhrik edən səbəblər var. O səbəblər üzərində də araşdırma aparırıq. Digər bir problem ondan ibarətdir ki, əhali əksər hallarda mal-qaranı örüşə sahibsiz, yaxud azyaşlı uşaqların himayəsində buraxır. Bu isə yolverilməzdir. Çünki sahibsiz hərəkətlilik canavarların fəallaşmasına yol açır, uşaqların heyvan güdməsi isə onların təhlükəsizliyini sual altında qoyur. Əhaliyə həm də bu məzmunda xəbərdarlıq edirik.”
Qeyd edək ki, təkcə fevral ayı ərzində adıçəkilən kəndlərə yırtıcıların hücumları nəticəsində 20-yə yaxın xırdabuynuzlu heyvan parçalanıb, xeyli sayda heyvana isə ağır xəsarətlər yetirilib.
Ehtiram Muradov