Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli Sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq ki, bununla həm də minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) 40 faiz üstələmiş olacaq.
ONA-nın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, bu, 2019-cu il ərzində dövlət başçısının tapşırığı ilə minimum əməkhaqqında edilən artıq ikinci ciddi artımdır: "Belə ki, hələ bu ilin ilk aylarında Prezident İlham Əliyevin sosial islahatlar proqramının tərkib hissəsi kimi, 8 fevral 2019-cu il tarixli Sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmışdı. Göründüyü kimi, cari il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılmasına nail olunur ki, bu da mühüm sosial uğur kimi əhalinin rifahına ciddi dəstək deməkdir. Digər tərəfdən, yeni artımla Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə (PPP) MDB ölkələri arasında 2-ci yerdə qərar tutacaq. 18 iyun 2019-cu il tarixdə imzalanan digər Sərəncamlarla müxtəlif qurumlarda çalışanların əmək haqlarının cari il sentyabrın 1-dən orta hesabla 20-50 faiz artırılması tapşırılır. Onların sırasına müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, gömrük işçiləri və digərləri daxildir".
Qeyd olunub ki, ümumilikdə, 18 iyun 2019-cu il tarixli Sərəncamlarla ölkədə minimum əməkhaqqının, müxtəlif sahələrdə işləyənlərin əməkhaqlarının artırılması 1 milyon 350 minədək insanın əməkhaqqı gəlirlərinin artmasına səbəb olmaqla, onlarına rifahına ciddi dəstəkdir. Həmin insanlardan 1 milyonu dövlət, qalanları isə özəl sektorda işləyənlərdir.
Qeyd olunub ki, eyni zamanda, Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması təmin ediləcək. Bununla əlaqədar qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub. Bu artım 660 min pensiyaçını əhatə edəcək: “Bu artım Prezident İlham Əliyevin təşəbbüsü ilə cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan artıq ikinci mühüm addımdır. Bundan əvvəl də dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmış, həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə etmişdi. Göründüyü kimi, 2019-cu il ərzində Azərbaycanda minimum pensiyanın məbləği ümumən 72,4 faiz artırılmaqla, 116 manatdan 200 manata çatdırılıb.
Beləliklə, dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarının, eləcə də dövlət başçısının qanunvericilik təşəbbüsü nəticəsində minimum pensiyanın artırılması birbaşa olaraq, 2,1 milyondan çox vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan verəcək".
Məlumatda bildirilir ki, sosial sahədə yeni inqilabi addımlar olan bu artımlar üçün dövlət tərəfindən bu ilin qalan dövrü üzrə 660 milyon manat, illik 2 milyard manat əlavə vəsait ayrılacaq: “"Qeyd edilənlər Prezident İlham Əliyevin uğurlu sosial sosial siyasətinin daha bir mühüm nailiyyəti, dövlət başçısının əhalinin rifahına ardıcıl dəstəyinin əyani göstəricisi, ölkənin sosial inkişafında növbəti ciddi irəliləyişdir".