Nazirlər Kabinetinin Sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bu sərəncamın icrası məqsədilə Təhsil Nazirliyi bütün rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, peşə təhsili müəssisələrinə, məktəbdənkənar təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinə müvafiq tədbirlərin görülməsinin davam etdirilməsini tapşırıb.