• SOSİAL

    15:28 17 mart 2021

Nazirlik: Vaksinasiyadan keçən 500 minə yaxın insanda ağırlaşma halları olmayıb

“Hər bir infeksion xəstəlik zamanı risk qrupları olur, Vaksinasiya Strategiyasında bu risk qrupları müəyyənləşib”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında deyib.

O bildirib ki, həmin şəxslərdə yoluxma olduğu halda xəstəliyi ağır keçirirlər və ölüm halları olur: “Buna görə ilk növbədə həmin şəxslərə peyvənd vurulur. Aşağı yaşlarda olan şəxslər də xəstəliyi ağır keçirə bilər. Amma belə hallar az olur. Ona görə ilk olaraq həssas qruplar vaksinasiyadan keçir. Amma təbii ki, digər insanlar da vaksinasiyadan keçəcəklər. Əhalinin üçdə iki hissəsi peyvənd olunarsa, epidemik zəncir qırıla bilər”.

T. Eyvazov deyib ki, koronavirusa qarşı peyvəndlərin hər birinin təsirləri müxtəlif ola bilər.

O bildirib ki, birinci doza vaksin vurulduqdan sonra peyvəndə qarşı allergik reaksiyası olan şəxslərə vaksin vurmaq olmaz. Bundan başqa, xroniki xəstəliyi kəskinləşən vaxt həmin şəxs peyvənd vurdurmamalıdır. Xəstəlik normalaşandan sonra vaksin vurdurmaq olar. Onkoloji xəstələr də aktiv müalicə zamanı vaksin vurdura bilməz.

Onun sözlərinə görə, 500 minə yaxın insan vaksinasiyadan keçib, amma elə bir ağırlaşma halları olmayıb: “Bununla bağlı Səhiyyə Nazirliyinə müraciətlər edilməyib".

Baş infeksionist onu da deyib ki, “AstraZeneca" peyvəndinin vurulmasından sonra baş verən hallarla bağlı araşdırma aparılır. O bildirib ki, bunun peyvəndlə bağlı olub-olmaması tam bilinmir: “Ölkələr özünü sığortalamaq üçün peyvəndi dayandırır”.

Onun sözlərinə görə, vaksinlər müxtəlifdir və hər istehsalçı insanı peyvəndin qoruma müddətini fərqli deyir: “Vaksinlərin təsirinin yarım ildən çox olması düşünülür. Amma bununla bağlı da tam məlumat yoxdur”.

İnfeksionist bildirib ki, vaksin vurdurmazdan əvvəl analiz verməyə ehtiyac yoxdur: “Amma hər bir şəxs özü haqqında məlumat almaq üçün analiz verə, özünü yoxlatdıra bilər”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR