Ekologiya və Təbii Sərvətlər Nazirliyində ölkə ərazisində su ehtiyatlarının hazırki vəziyyətinin qiymətləndirilməsi və idarə olunması koordinasiyasının daha da təkmilləşdirilməsinə dair dəyirmi masa keçirilib.
Nazirliyin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, tədbirdə Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirliklərinin, Su Təsərrüfatı və Meliorasiya, “Azərsu”, “Azərenerji” ASC-lərin və AMEA-nın nümayəndələri iştirak edib.
Görüşdə hidrometeoroloji şəbəkənin modernləşdirilməsi, 2019-cu ilin mart ayında aparılan qarölçmə işlərinin nəticələri, yaz-yay gursululuq dövrünün proqnozu, gursululuq dövrünə hazırlıq, yarana biləcək hər hansı risklərə qarşı dayanıqlığın təmin edilməsi və sahələrarası koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.