• SOSİAL

    16:42 25 fevral 2019

Tikinti şirkətləri keçən il eyni mənzili bir neçə nəfərə satmaqda davam edib

Keçən il vətəndaşlar ombudsmana müraciətlərdə ən çox yerli icra hakimiyyəti orqanları tərəfindən fərdi mənzil tikintisi ilə bağlı müraciətlərə cavab verilməməsindən şikayətlənib.

ONA-nın xəbərinə görə, bu, ombudsmanın 2018-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə qeyd edilib ki, 2018-ci ildə ombudsmana mənzil hüququ ilə bağlı 422 müraciət daxil olub. Bu müraciətlər əsasən, yerli icra hakimiyyəti orqanları tərəfindən fərdi mənzil tikintisi ilə bağlı müraciətlərə cavab verilməməsi, süründürməçiliyə yol verilməsi, təbii fəlakətlərin vurduğu ziyanın aradan qaldırılması, yaşayış sahəsinin təmiri üçün maddi köməklik göstərilməsi, ətrafda aparılan tikinti işləri ilə bağlı ev və mənzillərə ziyan dəyməsi, fərdi ev tikintisi üçün torpaq sahəsinin verilməsi, çoxmənzilli binalardan mənzil alan vətəndaşların mənzillərinin bir neçə nəfərə satılması, dələduzluq yolu ilə aldadılması kimi hallar öz əksini tapıb. Eyni zamanda mənzillərin dövlət ehtiyacları üçün alınması zamanı ödənilən kompensasiyanın məbləğindən narazı insanların müraciətləri üzrə bir sıra araşdırmalar aparılıb, bəziləri həll olunub.

Məruzədə nəzərə çatdırılır ki, bir sıra tikinti şirkətləri tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binalarında eyni mənzilin bir neçə nəfə satılması ilə çoxsaylı insanların mənzil və mülkiyyət hüquqları pozulmaqda davam edib.

Sənəddə bildirilir ki, ötən illərdə ölkə əhalisinin müəyyən hissəsinin üzləşdiyi ciddi problemlərdən biri də baş vermiş təbii fəlakətlər, o cümlədən sel, torpaq sürüşməsi, zəlzələlər, xüsusi ilə də Kür və Araz çaylarında baş verən daşqınlar nəticəsində su və təsərrüfatların tam və ya qismən dağılması, yararsız vəziyyətə düşməsi ilə bağlı olub. Lakin zəruri maliyyə vəsaitinin tam həcmdə ayrılmaması səbəbindən müəyyən edilmiş tədbirləri başa çatdırmaq mümkün olmayıb. Ona görə də ombudsman təbii fəlakətlər nəticəsində fərdi yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə zəruri maliyyə vəsaitinin ayrılmasını təklif edir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR