Ədliyyə Nazirliyinin Kollegiyası “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nda dəyişiklik edib.
ONA-nın məlumatına görə, Qaydalara əsasən, məhkəmə cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmədən, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmədən, habelə cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsindən imtina etdikdə, məhkəmə qərarı çıxarıldığı gündən azı 6 ay keçdikdən sonra məhkum həmin məsələ ilə əlaqədar yenidən ərizə ilə müraciət edə bilər.
İndiyə qədər ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs barəsində cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə ilə bağlı ərizənin məhkəmə tərəfindən rədd olunması hallarında təkrar ərizə belə qərarın çıxarıldığı gündən azı 1 il keçdikdə verilə bilərdi.
Bundan sonra isə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsin cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı ərizəsinin məhkəmə tərəfindən rədd olunması hallarında təkrar ərizə belə qərarın çıxarıldığı gündən azı 1 il keçdikdə verilə bilər. Başqa sözlə, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs yenə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı ərizəsinin məhkəmə tərəfindən rədd olunması hallarında təkrar ərizəni belə qərarın çıxarıldığı gündən azı 1 il keçdikdə verə biləcək. Ancaq əvvəllər bu şəxslər belə hallarda cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə ilə bağlı məhkəməyə təkrar ərizə verirdilərsə, bundan sonra cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi ilə bağlı məhkəməyə təkrar ərizə verə biləcəklər.