Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən onlayn imtahanların keçirilməsi üçün "ProctorDİM" adlı xüsusi proqram təminatı hazırlanıb.
DİM-dən APA-ya verilən məlumata görə, iştirakçılar yeni növ onlayn sınaq imtahanı vermək vərdişlərini formalaşdırmaq, eləcə də proqramdan istifadə bacarıqlarını yoxlaya bilərlər.
Proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü video nəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.
İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilir.
Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilir. İmtahan başa çatan kimi istifadəçi topladığı bal haqqında məlumat alır.
Proqram təminatını test etmək məqsədilə tədrisi Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin verdiyi Azərbaycan dili (dövlət dili) imtahanının sınaq versiyası hazırlanıb.
Onlayn sınaq imtahanında iştirak etmək istəyənlər Mərkəzin internet saytında “Şəxsi kabinet” açdıqdan (şəxsi kabineti olmayanlar) sonra verilən linkdə (https://eservices.dim.gov.az/elimt/BurSinaq) qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak ödənişsizdir.
Qeydiyyat 4 iyun saat 11:30-dan 17:00-dək aparılır. İmtahanın iyunun 5-də saat 11:00, 12:00 və 13:00-da olmaqla 3 seansda keçirilməsi nəzərdə tutulur. Hər seansda hələlik 100 istifadəçinin iştirakı planlaşdırılır.
Onlayn sınaq imtahanında iştirak etmək üçün istifadəçi “ProctorDİM” proqramını yükləyib kompüterinə quraşdırmalıdır (https://otk.az/ProctorDIM/ProctorDIM.zip).
Kompüterinizdə proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri ilə qeydiyyat səhifəsində tanış ola bilərsiniz. (https://eservices.dim.gov.az/elimt/BurSinaq/SystemReqiurements).