“Operativ Qərargah xaricdəki vətəndaşlarımızın aprelin 20-dən sonra ölkəyə qayıtması məsələsi barədə düşünür”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, artıq planlaşdırılır ki, aprelin 20-dən sonra həftədə bütün dünyadan həftədə 300-400 nəfər qəbul etmək imkanları yaranacaq: “Ən çox Rusiyadan gələnlər gözlənilir. Rusiyadan gələnlər üçün xüsusi portal hazırlanır. Adı “Evə gedirəm” portalıdır. Aprelin 20-dən Rusiya, Türkiyə və başqa ölkələrdən həftədə 300-400 nəfərin tədricən ölkəyə qayıdışı təmin olunacaq”.
TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, bu say tibbi resurslara uyğun müəyyənləşir: “Ölkəyə gələn vətəndaşlar xüsusi karantində saxlanılacaq. Xaricdən gələn vətəndaşlar bilməlidir ki, onlar karantində saxlanılmaqla, müayinəsi təşkil edilməklə ölkəyə gətiriləcək”.