• SOSİAL

    21:24 25 mart 2020

Operativ Qərargah: Ölkədə spirt və maskalarla bağlı yaranmış qıtlıq tələbatın qısa müddətdə artması ilə əlaqəlidir

"Yaxın günlərdə pərakəndə satışda kifayət qədər spirt olacaq və maskaların istehsalı üçün əlverişli şərait yaradılacaq. Ölkədə spirt və maskalarla bağlı yaranmış qıtlıq bu məhsullara həm dünyada, həm də daxildə tələbatın qısa müddətdə artması ilə əlaqəlidir".

APA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargahdan verilən məlumata görə, hazırda dünyada maska istehsalçıları 24 saatlıq istehsal rejimində işləsələr də tələbi ödəməkdə çətinlik çəkirlər:

"Əvvəlki illərdə ölkəmizdə ay ərzində 500-600 min maska satılırdısa, indi bu qədər maska 3 günə satılır. 2018-19-cu illərdə ildə təqribən 5-6 milyon maska satılırdısa, təkcə son bir ayda bu rəqəm 3.5 milyon olub.

Ölkədə olan maska ehtiyatlarından səmərəli istifadə etmək üçün ilk növbədə həkim və xəstələr, polis, müdafiə nazirliyi, sərhəd xidməti və gömrük əməkdaşları təmin olunur və apteklərə satış üçün göndərilir.

Ölkə üzrə hər gün təqribən 150-200 min maska paylanır və satışa çıxarılır.

Dünən ölkəyə 500 min maska idxal olunub. 1.5 milyon ədəd maska da daxil olacaq.

Hökumət maskaların ölkədə istehsalını təşkil etməklə əlverişli şəraiti təmin etməyə çalışır.

Nazirlər Kabinetinin bugünkü 114 №li Qərarına əsasən maskaların istehsalında istifadə olunan xammal gömrük rüsumlarından azad olunub.

Ölkədə spirt ehtiyatı ilə bağlı heç bir problem yoxdur. Spirtin kiçik həcmli qablarda satışa çıxarılması üzərində müvafiq işlər aparılır. Məsələ yaxın günlərdə həll olunacaq və yerli istehsal məhsulu olan spirt kifayət edəcək miqdarda pərakəndə satışa çıxarılacaq".

ONA

Teqlər:

SON XƏBƏRLƏR