• SOSİAL

    10:19 20 aprel 2019

Orfoqrafiya qaydalarına bu dəyişikliklər edildi - SİYAHI

Nazirlər Kabineti “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nı təsdiq edib.

ONA-nın məlumatına görə, yeni Normaların təsdiqlənməsi ilə əlaqədar Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli qərarı ilə təsdiqlənən “Azərbaycan dilinin orfoqrafiya qaydaları” ləğv edilib.

Yeni dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılacaq.

Son dəyişikliklərlə yüksək dövlət vəzifələri bu qaydada yazılmalıdır: Azərbaycan Respublikasının Prezidenti, Azər­baycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri.

Səmavi kitabların, fəza cisimlərinin adları böyük hərflə yazılacaq: Quran, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Tövrat, Zəbur, Ülkər, Günəş, Ay, Yupiter, Saturn, Venera və s.

Mənbə dildə tərkibində qq, ll, mm, pp, tt samitləri olan Avropa mənşəli aşağıdakı alınma sözlər bir samitlə yazılacaq: aqlütinativ, paralel, teleqram, aparat, apelyasiya, vat və s.

Bu sözlərdəki ikinci “s” hərfi atılıb: ekspres, konqres, kros, bras, stres. Lakin Press (mətbuat) sözü istisnadır.

Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı mürəkkəb adlarında hər üç söz böyük hərflə yazılacaq.

Tərkibində okean, dəniz, çay, göl, şəhər, rayon, qəsəbə, kənd, prospekt, meydan, küçə, xiyaban, saray, qala, türbə, qoruq, boğaz, düz, ada, burun, körpü, düzənlik, dağ, səhra, dərə sözləri olan adlarda ilk söz böyük hərflə yazılmalıdır: Sakit okean, Xəzər dənizi, Qara dəniz, Kür çayı, Baykal gölü, Bakı şəhəri, Salyan rayonu, Şüvəlan qəsəbəsi, Hökməli kəndi, Neftçilər prospekti, Azadlıq meydanı, Əhməd Cavad küçəsi, Şəhidlər xiyabanı, Səadət sarayı, Ramana qalası, Möminə xatun türbəsi, Şirvan qoruğu, Dardanel boğazı, Mil düzü, Nargin adası, Xudafərin körpüsü, Culfa düzənliyi, Kəpəz dağı, Qaraqum səhrası, İynə burnu.

Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı sözlər kiçik hərflə yazılacaq: Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, Xalq şairi və s.

Əsli "w" samitli alınma sözlərin də yazılma qaydası müəyyənləşib. Əsli "w" samitli alınma sözlər v hərfi ilə yazılacaq: veb-sayt, Vilyam, vörd və s.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR