Ümumi təhsil müəssisəsinin idarə olunmasına dair yeni meyar müəyyən edilir.
APA-nın məlumatına görə, bu, Təhsil Nazirliyinin ictimai müzakirəyə çıxardığı “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” layihəsində əksini tapıb.
Sənədə əsasən, müəssisənin fəaliyyətinin düzgün və səmərəli planlaşdırılması idarəetmənin keyfiyyətini təmin edən başlıca şərtlərdən biri hesab olunacaq.
Nazirlər Kabinetinin "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında” 2010-cu il 3 iyun tarixli qərarına əsasən, ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir.
Bu prinsiplər yeni layihədə də əksini tapıb. Ancaq təklif olunan layihədə inkişafın monitorinqi prinsipinin əhatə dairəsi genişləndirilir. Başqa sözlə desək, Nazirlər Kabinetinin "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında” qərarına əsasən, inkişafın monitorinqi mövcud idarəetmə sisteminin məqsədyönlülük səviyyəsini aşkara çıxarmaq və irəliləyişlərin dinamikasını müəyyən etməklə, planlaşdırma və icra sistemində zəruri dəyişikliklər aparılmasını təmin edir. Layihədə isə qeyd edilir ki, inkişafın monitorinqi həyata keçirilən fəaliyyətlərin məqsədəuyğunluğunun aşkara çıxarılması, şagird nailiyyətlərinin və pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin dinamikasının izlənilməsi yolu ilə perspektivlərin müəyyənləşdirilməsini, habelə zəruri hallarda idarəetmə sistemində müvafiq dəyişikliklərin aparılmasını təmin edir.