2018-ci ildə Azərbaycanda dövlət hesabına 23 xəstəyə böyrək nəql edilib.
ONA-nın məlumatına görə, bu barədə ““2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi”ndə bildirilib.
Ötən il respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 44 mərkəzdə 3600-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunublar ki, onların da 34-ü bölgələrdə yerləşir. Bu kateqoriya xəstələrə hazırda hemodializlə yanaşı, xəstəliyin radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatları da həyata keçirilir. Hazırda dövlət böyrək köçürülməsi əməliyyatı olunmuş 900-dən artıq insanın dərman təminatını öz üzərinə götürüb.
““2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi” Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.