• SOSİAL

    18:52 23 iyun 2021

Ötən il I–IV qruplar üzrə abituriyentlərin 42 faizdən çoxu 200-dən az bal toplayıb

Qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür.

APA-nın xəbərinə görə, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib.

0-700 bal diapazonunu şərti olaraq (0-200), (200-300), (300-500), (500-700) intervallarına bölərək, ənənəvi “2”,”3”,”4”,”5” qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, 2020-ci ildə abituriyentlərin 42.8 faizi imtahandan “2”, 21.0%-i “3”, 26.6%-i “4”, 9.7%-i isə “5” qiymət alıb. 2019-cu ildə bu göstəricilər, uyğun olaraq, 40.2%, 20.4%, 28.3%, 11.1% olub.

Göründüyü kimi, ötən il “2” və “3” qiymət alanların faizi nisbətən artıb, “4” və “5” qiymət alanların faizi isə nisbətən azalıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Onların 27.1%-ni “3”, 50.3%-ni “4”, 17.8%-ni isə “5” qiymət alanlar təşkil edib. Ötən il bu göstəricilər, uyğun olaraq 25.4%, 49.5%, 19.2% olub.

V ixtisas qrupu üzrə ərizə verib qəbul imtahanlarında toplanılması mümkün olan maksimal bal 300-dür. Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 49.62%-nin topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 30-dan az bal toplayan yoxdur.

Qəbul imtahanlarında iştirak edənlərin təxminən yarısının (49.62%) imtahan nəticəsi 100 və daha aşağı bal intervallarında yerləşdiyi halda, qəbul olan abituriyentlərin böyük əksəriyyətinin nəticəsi, əsasən, 100 və daha yuxarı bal intervallarında olub (89.73%).

Təəssüflə qeyd etmək lazımdır ki, bu il Tərtər, Samux, Daşkəsən, Ağdaş, Ağsu, Astara, Göygöl rayonlarının və Gəncə şəhərinin ötən il məzunlarını təmsil edən abituriyentlərin 20%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR