Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi Xarici İşlər Nazirliyi ilə birgə Bakıda insan alveri ilə mübarizə sahəsində diplomatik missiyaların rolu mövzusunda seminar keçirib.
ONA-nın xəbərinə görə, seminarın açılış mərasimində çıxış edən təşkilatın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qeorqyev insan alverinə qarşı mübarizə məsələsində səfirliklərin, diplomatik nümayəndəliklərin xüsusi rolunu qeyd edərək bildirib ki, bu sahədə profilaktik tədbirlərin görülməsi, ilkin mərhələdə insan alverinin qurbanlarının hüquqlarının qorunması istiqamətində bu qurumların üzərinə xüsusi məsuliyyət düşür.
Azərbaycan XİN-nin Konsulluq Şöbəsinin rəisi Faiq Bağırov müzakirə olunan mövzunun istər Azərbaycanda, istərsə də beynəlxalq müstəvidə diqqət mərkəzində olduğunu deyib. O bildirib ki, bu sahədə Azərbaycanda ardıcıl və məqsədli şəkildə kompleks tədbirlər həyata keçirilir və bu istiqamətdə qəbul olunan 2014-2018 illəri əhatə edən milli fəaliyyət planı üzə müxtəlif addımlar atılıb. XİN rəsmisi əlavə edib ki, hazırda yeni milli fəaliyyət planının hazırlanması üzərində iş aparılır.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas seminarın təcrübə mübadiləsi baxımından müsbət nəticələr verəcəyinə inandığını qeyd edib. Səfir Azərbaycan və beynəlxalq təşkilatlar arasında insan alverinə qarşı mübarizə sahəsində məhsuldar əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb.
Daha sonra çıxış edən Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə üzrə Baş İdarəsinin rəisi Heydər Heydərov qeyd edib ki, transmilli cinayətlərin bir növü hesab edilən insan alveri günümüzdə ciddi təhdid hesab olunur. DİN rəsmisi bildirib ki, ötən il insan alveri ilə bağlı 2 mütəşəkkil cinayətkar dəstə yaxalanıb, 169 şəxs məhkəməyə cəlb olunub. Nazirlik rəsmisi deyib ki, ötən il insan alverinə qarşı maarifləndirici tədbirlər həyata keçirən 65 QHT-yə nazirlik 60000 manat qrant verib.
Heydər Heydərov əlavə edib ki, 2019-2023-cü ili əhatə edən sayca dördüncü milli fəaliyyət planı hökumətə təqdim olunub.