"Dini sferanın şəffaflığı, ictimaiyyətin bütün nümayəndələrinin eyni mövqedən çıxış etməsi önəmlidir. Başqa ölkələrdən gələn nümayəndələrə belə ölkədəki dini münasibətlər nümunə kimi göstərilə bilir".
ONA xəbər verir ki, bunu "Dini-ideoloji təhlükəsizlik və media" konfransında Prezident Adminstrasiyasının Millətlərarası Münasibətlər, Multikulturalizm və Dini Məsələlər şöbəsinin baş məsləhətçisi Əliheydər Zülfüqarov deyib. O bildirib ki, media nümayəndələrinin din sahəsində məlumatlı olması bu mövzuda yayılan məlumatların daha sanballı olmasına kömək edir: "Dini icmaların fəaliyyətinə dövlət tərəfindən bütün zəruri dəstək verilir. Ölkəmizdə heç bir dinə digərindən çox üstünlük verilmir və bu da beynəlxalq normaların tələblərinə tam cavab verir. Azərbaycan multikultralizm siyasəti ilə bağlı yüksələn xətt üzrə gördüyü işlər onu digər ölkələrdən fərqləndirir. Ölkədə bu istiqamətdə hüquq-mühafizə orqanların üzərinə düşən məsuliyyət çox böyükdür və onlar bunun öhtəsindən layiqincə gəlirlər. Mediadan da mümkün qədər yaxşı istifadə edilir".
Ə. Zülfüqarov deyib ki, sosial şəbəkələr insanların beynini yönləndirmək üçün çox güclü vasitədir: "Ona görə də radikal, xurafata meyilli qrupların sosial şəbəkələrdə insanların fikirlərini bulandırmaq cəhdlərinin qarşısı alınmalıdır. Biz bu kimi məqamların qarşısını almaq üçün çalışmalıyıq. Azərbaycanın bütün bölgələrində Dini Komitə bu kimi neqativ halların qarşısının alınması istiqamətində çoxsaylı tədbir görüb və görməyə davam edir".