“Məruzədə məcburi əməklə məşğul olan 450 uşağın aşkarlandığı bildirilir. Bu uşaqların gələcəkdə insan alveri qurbanına çevrilməsi ehtimalı istisna deyil”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsində millət vəkili Fazil Mustafa söyləyib.
F.Mustafa bu uşaqların əksəriyyətinin valideynsiz olduğunu söyləyib: “Buna görə də ölkədə Aliment Fondunu yaratmaq lazımdır. Bunun üçün ilkin olaraq 10-12 milyon manat lazımdır. Uşağın günahı deyil ki, atası aliment ödəmir? Dövlət Aliment Fondu vasitəsilə həmin uşaqlar üçün vəsait ödəyə, sonra aliment ödəməyən valideynlərdən həmin pulları ala bilər. Digər tərəfdən, ölkədə yoxsuluq səviyyəsi rəsmi olaraq 5,5 faiz olsa da, uşaqlar arasında yoxsulluq faizi 10 faizdir. Uşaq pulunun bərpa edilməsi lazımdır. Uşaqpulunun 6 yaşına qədər verilməsi daha yaxşı olar. Bu halda uşaqpulu ünvanlı ola bilər. Yəni imkanlı valideynlərə bu pul verilməyə bilər”.
Deputat Elmira Axundova isə qanunsuz transplantasiya əməliyyatının aparılmasına nəzarətin gücləndirilməsini vacib sayıb.