• SOSİAL

    13:18 31 may 2019

Parlamentdə elektrik enerjisinə limitin ləğvi, rus dilinin tədrisinə vəsait ayrılmasının dayandırılması təklif olunub

“Struktur islahatları çərçivəsində publik hüquqi şəxslər yaradılsa da, publik hüquqi şəxslər vasitəsi ilə qat-qat çox vəsait xərclənir”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin I oxunuşda müzakirəsi zamanı millət vəkili Əli Məsimli bildirib.

Millət vəkili deyib ki, bu məsələ Hesablama Palatasının rəyində də əksini tapıb: “Digər tərəfdən, yerlərdə icra hakimiyyətlərinin bəziləri nə özləri bir iş görür, nə də iş görənlərə imkan verirlər”.

Millət vəkili Fazil Mustafa isə deyib ki, büdcənin gəlirləri artsa da, büdcə gəlirlərinin 28 milyard dollar olduğu 2014-cü illə müqayisədə azdır: “Azərbaycanda orta əmək haqqı Estoniyadan, hətta Ermənistandan azdır. Azərbaycanda hər 1000 nəfərə 130, Ermənistanda 154 pensiyaçı düşür. Əmək pensiyalarının məbləği Rusiyadan 2 dəfə azdır”.

F. Mustafa qaz limitinin artırılmasını isə təqdir edib: “Elektrik enerjisi ilə bağlı əhali üçün limit aradan qaldırılmalıdır. Azərbaycanda turizm sektorunda da geriləmə var, 13 faiz azalma qeydə alınıb. Gürcüstan Azərbaycanla müqayisədə turizmdən 600 milyon dollar çox gəlir götürüb. AZAL-ın Azərbaycanda bu sahəyə vurduğu zərər əvəzolunmazdır”.

Millət vəkili Azərbaycanda rus dili təhsilinə 100 milyon manat civarında vəsait ayrıldığını xatırladıb: “Niyə biz xarici ölkənin dilinin öyrənilməsi üçün büdcədən vəsait ayırmalıyıq? Mən xarici dillərin öyrənilməsinin tərəfdarıyam. Amma biz bunu niyə büdcə vəsaitləri hesabına təmin etməliyik? İngilis və digər xarici dillərlə bağlı olduğu kimi, rus dili ilə bağlı da özəl təhsil müəssisələri bu işi görə bilər”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR