Novruz Bayramı münasibəti ilə Penitensiar Xidmət həbsxanada olan şəxsi uşaq evində məskunlaşan 6 yaşlı qardaşı ilə görüşdürüb.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən ONA-ya verilən məlumata görə, İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü (oğurluq) maddələrinə əsasən 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş Şahbazov Xəyyam Məhəmməd oğlu müəssisə rəhbərliyinə müraciət edərək, valideynləri vəfat etdikdən sonra uşaq evində saxlanılan 6 yaşlı qardaşı Kabak Cəlal Qasım oğlu ilə görüşə şərait yaradılmasını istəyib.
Bayram günlərində İxtisaslaşdırılmış müalicə müəssisəsinin və Bakı şəhər 2 saylı uşaq evinin rəhbərliyinin təşəbbüsü ilə azyaşlı Cəlal Kabak qardaşı məhkum Xəyyam Şahbazovla qısamüddətli görüşə gətirilib.