Naziirlər Kabineti “Dövlət peşə təhsili müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər barədə” Qərar qəbul edib.
ONA-nın məlumatına görə, qərara əsasən müəyyən edilib ki, dövlət peşə təhsili müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi üçün hər bir dövlət peşə təhsili müəssisəsi Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında “həyəcan” düyməsi ilə təmin ediləcək.
Qərarda qeyd edilib ki, Maliyyə Nazirliyi Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə razılaşdırılmaqla, dövlət peşə təhsili müəssisələrinin “həyəcan” düyməsi ilə təchiz olunması üçün tələb olunan vəsaitin 2019-cu ildə həmin təhsil müəssisələrinin tabe olduqları müvafiq orqanlar (qurumlar) üçün Azərbaycan Respublikasının dövlət büdcəsində təsdiq olunmuş xərclər hesabına maliyyələşdirilməsini və 2020-ci ildən etibarən hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin etsin.