Nazirlər Kabineti “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nı təsdiq edib.
ONA-nın məlumatına görə, Qaydalara əsasən, müvafiq peşə üzrə təhsil standartları və proqramları (kurikulumları) əsasında ixtisaslı işçi kadr hazırlığı aparan və müvafiq lisenziyası olan bələdiyyə və özəl peşə təhsili müəssisələri, eləcə də Təhsil Nazirliyinin tabeliyində olmayan digər dövlət peşə təhsili müəssisələri növbəti tədris ili üçün müvafiq peşə istiqamətləri üzrə ixtisaslara tələbə qəbulu sayına dair sifarişlərini hər il martın 1-dək Təhsil Nazirliyinə müəyyən olunmuş formada təqdim edirlər.
Hər tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulu iqtisadiyyatın inkişaf istiqamətlərinə, əmək bazarının tələblərinə və peşə təhsili müəssisələrinin potensialına uyğun olaraq İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi tərəfindən baxılır və bu dövlət orqanlarının razılaşdırılmış təklifləri əsasında Nazirlər Kabineti tərəfindən mayın 1-dək təsdiq edilir.
Peşə təhsili müəssisələrinə qəbul ümumi orta və ya tam orta təhsil haqqında attestat əsasında aparılır. Dövlət peşə təhsili müəssisələrində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət təhsilalanların peşə təhsili səviyyələri üzrə peşə təhsili müəssisələrində dövlət hesabına yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Peşə təhsili müəssisələrinə qəbul ixtisas və təhsil müəssisəsinin sərbəst seçimi əsasında müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə iştirak ödənişsizdir. Peşə təhsili müəssisələrinə qəbulun vaxtı və yeri hər il Təhsil Nazirliyi tərəfindən müəyyən edilir və kütləvi informasiya vasitələrində yerləşdirilir. Peşə təhsili müəssisələrinə qəbul Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
Əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul edilirlər. Cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinə qəbul seçilmiş ixtisaslar üzrə məhkumların ərizələri və cəzaçəkmə müəssisəsinin göndərişləri əsasında peşə təhsili müəssisələrinin tərəfindən həyata keçirilir. Xüsusi peşə təhsili müəssisələrinə qəbul məhkəmənin qərarı əsasında yerli icra hakimiyyəti orqanlarının yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın göndərişlərinə müvafiq olaraq peşə təhsili müəssisələri tərəfindən həyata keçirilir. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) peşə təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak etmirlər.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə təhsili müəssisələrinə qəbulu Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na əsasən həyata keçirilir. Sağlamlıq imkanları məhdud şəxslərin peşə təhsili müəssisələrinə qəbulu Nazirlər Kabinetinin 2002-ci il 29 aprel tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud olan şəxslərin peşə-ixtisas təhsili müəssisələrinə qəbulu Qaydası”na uyğun olaraq aparılır.
Peşə təhsili müəssisələrinə qəbul üzrə müsabiqədə iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin Milli Təhsil Məlumat Bazasının Elektron sənəd qəbulu sistemində “Elektron ərizə”ni dolduraraq, təsdiq edilməsi üçün şəxsiyyət vəsiqəsi və attestatının surətini müvafiq qaydada əlavə edirlər. Əlilliyi olan şəxslər Təhsil Nazirliyinin elektron sənəd qəbulu sistemində bu Qaydada göstərilən sənədlərlə yanaşı, əlilliyini təsdiq edən sənədin surətini həmin ərizəyə əlavə etməlidirlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar Təhsil Nazirliyinin elektron sənəd qəbulu sistemində bu Qaydada göstərilən sənədlərlə yanaşı, valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənədin surətlərini həmin ərizəyə əlavə etməlidirlər.
Peşə təhsili müəssisəsinə ixtisas seçimi sənəd qəbulu zamanı həyata keçirilir. Ərizəçilər sərbəst seçim əsasında müvafiq peşə təhsili səviyyəsini, peşə təhsili müəssisələrini və ixtisasları müəyyən edir və istədikləri ardıcıllıqla seçirlər. Peşə təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd vermiş şəxslər maksimum 5 ixtisas seçmək hüququna malikdirlər. Peşə təhsili müəssisələrinə ilk peşə təhsili və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Peşə təhsili müəssisələrinə yüksək texniki peşə təhsili səviyyəsi üzrə tələbə qəbulu ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında və ya Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanında iştirak etmiş ərizəçilərin isə həmin imtahanda əldə etdikləri nəticələrə əsasən Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
Attestatında qiymətlərinin orta balı, buraxılış və ya qəbul imtahanında əldə etdikləri nəticələr eyni olan iki və daha çox ərizəçini bir-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə qiymətləndirmə göstəricilərindən istifadə edilir:
- ixtisas seçimi zamanı seçdiyi peşə təhsili müəssisəsinin və ixtisasın qeyd olunmuş ardıcıllığı;
- buraxılış və ya qəbul imtahanında əldə etdiyi nəticələr eyni olan ərizəçilərə münasibətdə attestatına müvafiq fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;
- seçdiyi ixtisasdan asılı olaraq, ixtisasa uyğun müvafiq fənn (və ya fənlərin) qiyməti;
- ixtisas üzrə iş stajı;
- işəgötürənin göndərişi.
Peşə təhsili müəssisələrinə tələbə qəbulu zamanı müsabiqədə iştirak edən şəxslərin yerləşdirilməsi onların seçdikləri ixtisasların ardıcıllığına və təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, peşə təhsili müəssisəsinə müsabiqədənkənar daxil olmuş tələbələrin sayı nəzərə alınmaqla həyata keçirilir. Müsabiqənin nəticələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi internet səhifəsində və kütləvi informasiya vasitələrində yerləşdirilir. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər üzrə müsabiqədə iştirak etmiş şəxslər tərəfindən bu Qaydaya uyğun olaraq yenidən ixtisas seçimi aparılır və həmin yerlərə qəbul həyata keçirilir. Müsabiqənin nəticələri barədə məlumat müsabiqədə iştirak edən şəxslərin elektron şəxsi kabinetində yerləşdirilir vəelektron poçt ünvanına və ya telefonuna bu barədə mesaj göndərilir.