Nazirlər Kabineti “Peşəkar mühasib təşkilatının akkreditasiya olunması Qaydası”nı təsdiqləyib.
ONA-nın məlumatına görə, bu qayda peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunması üçün Maliyyə Nazirliyinə müraciət edən qeyri-kommersiya təşkilatlarına şamil edilir.
Qeyri-kommersiya təşkilatı peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmaq üçün mühasibat uçotu sahəsində aşağıdakı istiqamətlərdən hər hansı biri üzrə ən azı beş il fəaliyyət göstərməlidir:
- beynəlxalq standartların tətbiqi və ya tərcüməsi üzrə xidmət göstərilməsi;
- əlavə təhsil üzrə lisenziyası olmaqla, beynəlxalq standartlar üzrə müvafiq təlim və (və ya) imtahanların keçirilməsi.
Peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatlarının siyahısı Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir. Qeyri-kommersiya təşkilatı peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunması üçün Maliyyə Nazirliyinə ərizə ilə müraciət edir. Həmin ərizəyə nizamnaməsinin, vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin və dövlət vergi orqanında qeydiyyata alınmasını təsdiq edən sənədinin notarial qaydada təsdiq edilmiş surətləri və ən azı 500 (fiziki və hüquqi şəxs) üzvünün və ya 200 peşəkar mühasib sertifikatına malik olan üzvünün olması barədə məlumat forması əlavə edilməlidir. Ərizəyə təşkilatın aşağıdakı struktur bölmələrə malik olmasını təsdiq edən məlumat forması və ona əlavə edilmiş təsdiqedici sənədlərin surəti də əlavə olunmalıdır:
-Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və (və ya) İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə struktur bölmə;
- mühasiblərin ixtisaslarının artırılması üzrə struktur bölmə;
- üzvlüklə bağlı yaranmış mübahisələrin baxılması üzrə struktur bölmə və ya müvafiq vəzifə;
- üzvlərinin ixtisaslarının artırılması ilə əlaqədar təlimlərin keçirilməsi planına malik olmasını təsdiq edən sənədin surəti;
- Qaydada göstərilən istiqamətlərdən biri və ya bir neçəsi üzrə ən azı beş il fəaliyyət göstərməsini təsdiq edən sənədlərin surəti.
Qeyri-kommersiya təşkilatının müraciətinə “İnzibati icraat haqqında” qanunun tələblərinə uyğun olaraq baxılır və ərizəçinin akkreditasiyadan keçib-keçməməsi barədə Maliyyə Nazirliyi tərəfindən müvafiq qərar qəbul edilir. Peşəkar mühasib təşkilatı müddətsiz akkreditasiya olunur. Akkreditasiyadan keçə bilməyən qeyri-kommersiya təşkilatları təkrar müraciət etmək hüququna malikdirlər. Peşəkar mühasib təşkilatı hər il üçün növbəti il yanvar ayının 31-dək üzvlərinin sayı barədə Maliyyə Nazirliyinə məlumat təqdim edir. 2022-ci il 31 dekabr tarixinədək akkreditasiya olunmuş peşəkar mühasib təşkilatının 2023-cü ilin 31 dekabr tarixinədək ən azı 200 peşəkar mühasib sertifikatına malik olan üzvü olmalıdır. 2022-ci il 31 dekabr tarixindən sonra akkreditasiya olunmuş peşəkar mühasib təşkilatının akkreditasiya olunduğu tarixdən bir il ərzində ən azı 200 peşəkar mühasib sertifikatına malik olan üzvü olmalıdır.
Peşəkar mühasib təşkilatının akkreditasiyasının ləğv edilməsi Maliyyə Nazirliyinin qərarı əsasında aşağıdakı hallarda həyata keçirilir:
- peşəkar mühasib təşkilatı tərəfindən onun akkreditasiyasının ləğv edilməsi barədə müvafiq ərizə təqdim edildikdə;
- peşəkar mühasib təşkilatı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq akkreditasiya olunmasının dayandırılmasına səbəb olan pozuntular üç ay müddətində aradan qaldırılmadıqda;
- peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatı ləğv edildikdə və ya yenidən təşkil olunduqda.