Taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi baxacaq.
ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.
Müvafiq olaraq, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda da dəyişiklik edilib. Beləliklə, taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə inzibati xətalar haqqında işlərə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müavinləri, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, ərazi polis orqanlarının dövlət yol polisi idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının dövlət yol polisi bölmələrinin rəisləri, ərazi polis orqanlarının dövlət yol polisi qruplarının rəhbərləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən taksi minik avtomobilində tütün çəkilməsinə görə qırx manatdan əlli manatadək məbləğdə cərimə nəzərdə tutulub.