“Suvarma suyu ilə bağlı görülmüş işlər də hesab edirəm ki, diqqətəlayiqdir. Əgər biz bu işləri görməsəydik, bu gün vəziyyətimiz çox ağır ola bilərdi. Bir neçə layihə, həm içməli su layihəsi, həm də suvarma suyu layihəsi kimi xidmət göstərir”.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə dair videoformatda keçirilən müşavirə zamanı deyib.
Dövlət başçısı bildirib ki, son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib: “Mən onların arasında Oğuz-Qəbələ-Bakı su kəmərini xüsusilə qeyd etmək istərdim. Bu kəmərin çox böyük əhəmiyyəti var. İlk növbədə, böyük həcmdə təmiz içməli su Bakı şəhərinə çatdırılır. Nəzərə alsaq ki, bizim su resurslarımızın böyük hissəsi xarici ölkələrdə formalaşır, Oğuz-Qəbələ-Bakı su kəməri sırf yerli mənbə üzərində inşa edilmiş böyük layihədir. Bu layihənin inşası demək olar ki, bizim ilk neft gəlirlərimiz əldə olunandan sonra başlamışdır. O vaxt mən demişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik və Oğuz-Qəbələ-Bakı su kəməri bunun əyani sübutudur. Çünki bizim neft gəlirlərimiz 2006-cı ildən sonra ölkəyə gəlməyə başlamışdır. O vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verildi. O zaman bizim gəlirlərimiz, əlbəttə ki, çox aşağı səviyyədə idi. Ancaq, ilk növbədə, biz bu gəlirləri məcburi köçkünlərin problemlərinin və su məsələlərinin həllinə yönəltdik.
İndi mütəxəssislər yaxşı bilirlər ki, əgər bu gün Oğuz-Qəbələ-Bakı su kəməri olmasaydı, Bakı şəhərinin su problemləri çox kəskinləşə bilərdi”.