Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 110/35/10 kilovoltluq “8-ci km” yarımstansiyasının açılışında iştirak edib.
ONA xəbər verir ki, “Azərenerji” ASC-nin sədri Baba Rzayev yarımstansiyada görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, “8-ci km” yarımstansiyası 52 il əvvəl tikilmişdir və istismar müddətini çoxdan başa vurmuşdu. Nəticədə burada tez-tez qısa qapanmalar olurdu və enerji sistemi qəza təhlükəsi ilə üzləşirdi. Yenidənqurma nəticəsində bu problemlərin hamısı aradan qaldırılıb. Burada görülən yenidənqurma işləri çərçivəsində yarımstansiyanın açıq və qapalı paylayıcı qurğuları, transformatorları, inzibati-idarəetmə binası və digər zəruri infrastrukturu müasir səviyyədə yenilənib. Yarımstansiyanın yenidən qurulmasını zəruri edən səbəblərdən biri də Nizami rayonunda 35 kV-luq şəbəkənin genişlənməsi və gərginlik sinfinin dəyişdirilməsi idi. Görülən işlər nəticəsində yarımstansiyanın gücü 55 MVA-dək artırılıb. Burada yaradılmış Dispetçer İdarəetmə Mərkəzi və mikro SCADA sistemi yarımstansiyanın fəaliyyətinin səmərəliliyini daha da yüksəldib.
Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.
Yenidən qurulan bu yarımstansiya Xətai və Nizami rayonlarında yüz minlərlə əhalinin, sənaye, məişət-kommunal, təhsil, tibb və iaşə müəssisələrinin elektrik enerjisi ilə fasiləsiz təmin edilməsində mühüm rol oynayacaq.