Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı olub.
ONA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hospitalın videoformatda açılışında iştirak edib.
***
12.50
Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı olub.
ONA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hospitalın açılışında videoformatda iştirak edib.
Tibb müəssisəsinin kollektivi ilə videoformatda görüşən dövlətimizin başçısı çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı:
Bu gün ölkəmizdə yeni böyük xəstəxana açılır. Bu münasibətlə sizi təbrik edirəm. İyul ayının əvvəlində həmin ərazidə birinci xəstəxananın açılışı qeyd edilmişdi. Bu açılışda mən iştirak etmişəm. O xəstəxanada çarpayıların sayı 800-dən çoxdur. Bu, ölkəmizin ən böyük xəstəxanalarından biridir. Artıq bu xəstəxanalarda COVID xəstələri müalicə alır. O gün göstəriş verdim ki, avqustun sonuna qədər həmin ərazidə daha bir xəstəxana tikilsin. Bu gün avqustun 31-də biz buna nail ola bilmişik.
Bu gün açılan xəstəxanada 820-dən çox çarpayı mövcuddur. Ancaq qısa müddət ərzində biz bu çarpayıların sayını 1500-ə qədər artıra bilərik. Bu xəstəxananın xüsusi özəlliyi ondan ibarətdir ki, burada 130 intensiv terapiya-reanimasiya yeri vardır. Əminəm ki, bu gün açılan xəstəxananın fəaliyyəti COVID-19 ilə apardığımız mübarizədə çox önəmli rol oynayacaq.
Bildirməliyəm ki, pandemiya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət almışdır. Bu məqsədlər üçün böyük vəsait ayrılmışdır, bütün imkanlar səfərbər edilmişdir. Çünki mövcud çarpayı fondu imkan vermirdi ki, biz bu dəhşətli pandemiya ilə uğurla mübarizə aparaq. Cəmi altı ay ərzində ölkəmizin çarpayı fondu böyük dərəcədə artırılmışdır. Ölkəmizin ən gözəl və ən müasir xəstəxanası - Yeni Klinika açılmışdır. Yeni Klinikada çarpayıların sayı 600-ə yaxındır. Hazırda təqribən 400-ə yaxın çarpayı hazır vəziyyətdədir. Bununla bərabər, modul tipli 11 xəstəxana inşa edilmişdir. Bu xəstəxanalarda çarpayıların sayı 4100 səviyyəsindədir.
Onu da bildirməliyəm ki, modul tipli 7 xəstəxananın tikintisi nəzərdə tutulub. Amma hazırda buna ehtiyac yoxdur. Çünki ölkəmizdə xəstələrin sayı azalır və əgər ehtiyac yaranarsa, qısa müddət ərzində əlavə 1400 çarpayılıq xəstəxanalar inşa oluna bilər. Ehtiyat variantı kimi biz ölkəmizin iki Olimpiya Kompleksini də xəstəxanalara çevirdik və orada da 300-dən 500-ə qədər xəstə müalicə ala bilər.
Bütün bunlar bir daha onu göstərir ki, COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir. Bu və digər amillər imkan verdi ki, biz vəziyyəti nəzarət altında saxlayaq. Bildirməliyəm ki, hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Onu da bildirməliyəm ki, bu xəstəxanaların 41-i son 17 il ərzində inşa edilmişdir. Məhz regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrimizdə, bütün şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb. Təsəvvür etmək çətin deyil ki, əgər biz vaxtında bu addımı atmasaydıq, bu gün hansı problemlərlə üz-üzə qala bilərdik. Tam məsuliyyətlə deyə bilərəm ki, əgər vaxtında bu xəstəxanalar tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik. Nəinki xəstəxanalar tikilib, ən müasir avadanlıqlarla təchiz olunub və bu gün də bu proses davam etdirilir.
COVID ilə mübarizədə bizim səhiyyə sistemimizin maddi-texniki bazası xüsusi rol oynayır. Bununla bərabər, laboratoriyaların sayını böyük dərəcədə - bir neçə dəfə artırmışıq. Pandemiya başlayanda bizim cəmi 6 laboratoriyamız var idi. Bu gün biz o laboratoriyaların sayını 45-ə çatdırırıq. Ölkəmizdə 900 mindən çox test keçirilibdir. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bu da təbiidir, nə qədər çox test keçirirsən, o qədər də çox yoluxma halları aşkarlanır. Bizim əsas məqsədimiz və vəzifəmiz məhz bundan ibarətdir ki, bütün yoluxanlar müayinədən keçirilsin və onlara vaxtında tibbi xidmət göstərilsin.
Bildirməliyəm ki, pandemiya ilə əlaqədar Azərbaycan həkimlərinə xüsusi diqqət göstərilir. Səhiyyə sistemində çalışan insanlar prinsip etibarilə daim dövlət tərəfindən qayğı ilə əhatə olunur. Tikilmiş xəstəxanalar həkimlərin iş yeridir. Həkimlərin həm iş yerlərinin müasirləşdirilməsi, eyni zamanda, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub. Pandemiya dövründə bu diqqət daha da genişmiqyaslı olub. Təkcə onu demək kifayətdir ki, COVID xəstələrinə xidmət edən həkimlərin əməkhaqqı 3-5 misli artırılıb. Ancaq burada əsas problem həkimlərin sayındadır. Çünki heç bir ölkə bu pandemiyaya hazır deyildi. Heç kimin ağlına gələ bilməzdi ki, dünya belə bir bəla ilə üzləşəcək. Bizdə və eləcə də bütün başqa ölkələrdə həkimlərin sayı normal həyat rejiminə hesablanıb. Ona görə, əlavə həkimlərin Azərbaycana dəvət edilməsi gündəlikdə duran məsələlərdən biri idi. Hesab edirəm ki, biz operativ və səmərəli addımlar nəticəsində bu sahədə də məsələni həll etdik. Azərbaycana beş ölkədən – Türkiyədən, Rusiyadan, Çindən, İtaliyadan, Kubadan həkim briqadaları gəlmişdir və bu həkimlər bizə kömək göstərirlər.
Bir sözlə, görülən bütün bu işlər öz səmərəsini verir. Təsadüfi deyil ki, son həftələr ərzində COVID ilə mübarizədə vəziyyət daha müsbətdir. Biz müsbət dinamikanı görürük və ümid edirəm ki, bu dinamika bundan sonra da qorunub saxlanılacaqdır.
Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə ilk günlərdən sıx təmasda idik. Bu gün də bu təmaslar davam edir. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işlərə çox yüksək qiymət vermişdir və Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Bu, həqiqətən də belədir. Yəni, görülmüş işlər, bu sahəyə ayrılan dövlət vəsaiti, səfərbərlik işləri, xəstəxanaların, laboratoriyaların inşası, sosial proqramların həyata keçirilməsi - bütün bunlar, əminəm ki, bizim mübarizədə əsas rol oynamışdır. Ona görə bu gün də bu təmaslar davam edir və əminəm ki, biz birgə səylərlə bu məsələnin - COVID-in nəzarətdə saxlanmasını təmin edəcəyik. Onu da bildirməliyəm ki, Azərbaycan məsuliyyətli və beynəlxalq müstəvidə böyük nüfuz qazanmış ölkə kimi, digər ölkələrə də humanitar yardım göstərib. Artıq Azərbaycan 30-dan çox ölkəyə humanitar yardım göstərib və bu, bizim ümumi mübarizəyə verdiyimiz böyük töhfədir.
Təbii ki, pandemiya həm ölkə iqtisadiyyatına, həm də insanların sosial vəziyyətinə mənfi təsir göstərmişdir. Bu təsirin fəsadlarını azaltmaq üçün praktiki addımlar atılır. Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Həm dövlət sektorunda, həm özəl sektorda işləyənlər, eyni zamanda, işsizlər, o cümlədən qeyri-formal formada işləyənlər, aztəminatlı təbəqəyə aid olan insanlar - bütün kateqoriyadan olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edilib. Bu, bir daha onu göstərir ki, insanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir.
Mən bunu bəri başdan - pandemiyanın ilk günlərindən demişdim ki, insanların sağlamlığı bizim üçün prioritet məsələdir və biz bütün səylərimizi bu məsələnin həllinə istiqamətləndirdik. Təbii ki, belə olan halda iqtisadi sahədə çətinliklər də labüd idi. Ancaq hesab edirəm ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi sahədə də vəziyyət daha yaxşıdır. Biz yaxşı bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə pandemiya dövründə iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsindədir. O cümlədən Avropanın inkişaf etmiş ölkələrində yüksək səviyyədədir. Ölkəmizdə isə görülmüş tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb. Hesab edirəm ki, dünyada mövcud olan ümumi mənzərəni nəzərə alsaq bu, yaxşı göstəricidir.
Ancaq əlbəttə ki, biz postpandemiya dövrünə də hazır olmalıyıq və müvafiq göstərişlər verilibdir. Postpandemiya dövrü nə vaxt başlayacaq, bunu hələ ki, heç kim deyə bilmir. Ancaq dünyada gedən araşdırmalar, tədqiqatlar, peyvəndlərin üzərində işin aparılması ümidverici siqnallar verir. Onu da bildirməliyəm ki, biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq. Mən ümid edirəm ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır. Çünki biz artıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal iş aparırıq. Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı bütün araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri və beynəlxalq sertifikatlaşdırma aparılandan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik və ümid edirəm, ondan sonra demək olacaq ki, bu dəhşətli vəziyyət arxada qalıb. Hesab edirəm ki, biz o vaxta qədər öz addımlarımızı mövcud vəziyyətə uyğun atmalıyıq. İlk günlərdən biz bunu etmişik. Bu altı ay ərzində məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi, eyni zamanda, yumşalma addımları atılmışdır və təqribən iyul ayının ortalarından başlayaraq müsbət dinamika artıq özünü büruzə verdi. Belə olan halda, əlbəttə ki, biz yumşalma addımlarımıza da başladıq və təkcə avqust ayında yumşalma tədbirlərinin sayı 3-ə çatmışdır. Əgər müsbət dinamika davam edərsə və xəstələrin sayında artım olmazsa, onda əminəm ki, bundan sonra da yumşalma tədbirləri görüləcəkdir. Çünki hazırda ölkəmizdə hər gün 100-dən 200-ə qədər insan yoluxur və əvvəlki aylarla müqayisədə bu, əlbəttə ki, daha yaxşı nəticədir. Ancaq vəziyyəti daim nəzarət altında saxlamaq üçün həm gündəlik monitorinq aparılır və aparılacaqdır, eyni zamanda, yumşalma addımları elə atılmalıdır ki, xəstələrin sayı kəskin artmasın. Bu, əsas məsələdir və biz burada, əlbəttə ki, öz addımlarımızı çox ehtiyatla atacağıq. Bununla bərabər olaraq, artıq fəal açılışlara gedən ölkələrin təcrübəsinə də nəzər salacağıq. Çünki hazırda bir neçə ölkə artıq öz sərhədlərini və bir çox obyektlərini açıbdır, turistləri qəbul etməyə başlayıbdır. Ancaq biz həmin ölkələrdə nəyi görürük? Onu görürük ki, orada xəstələrin sayı kəskin artıb. O cümlədən inkişaf etmiş Avropa ölkələrinin təcrübəsinə baxsaq görərik ki, avqust ayında xəstələrin sayı ən pik həddə çatıbdır, hətta aprel ayının səviyyəsinə qalxıbdır. Baxmayaraq ki, aprel ayından yay aylarına qədər bütövlükdə dünyada, o cümlədən Avropada xəstələrin sayının azalması müşahidə olunurdu. Yəni, bu, nəyi göstərir, bir daha onu göstərir ki, bu xəstəlik heç də yoxa çıxmayıb. Bu xəstəlik var və belə olan halda dövlət tərəfindən bütün lazımi addımlar atılmalıdır, eyni zamanda, vətəndaşlar da çox sadə qoruyucu metodlardan istifadə etməlidir - məsafə saxlamalıdır, maska taxmalıdır, dezinfeksiya vasitələrindən istifadə etməlidir.
Əlbəttə ki, bəzi Avropa ölkələrində xəstələrin sayında kəskin artım bizi düşündürür və daha ehtiyatlı addımların atılmasına sövq edir. Çünki bir daha demək istəyirəm ki, birinci dərəcəli məsələ insanların sağlamlığıdır. Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa, - mən qeyd etməliyəm ki, son müddət ərzində biz bu məsuliyyəti doğrudan da görürük, hiss edirik, bu, real nəticələrdə öz əksini tapır, - hesab edirəm ki, qısa müddət ərzində biz normal, adi həyata qayıda bilərik. Amma buna nail olmaq üçün əlbəttə ki, vətəndaşların məsuliyyəti hazırda birinci dərəcəli məsələdir. Çünki dövlət üzərinə nə düşübsə, onu edib - qeyd etdiyim addımlar, ayrılan vəsait. Hətta baxmayaraq ki, dünyada neftin qiyməti hələ də aşağı səviyyədədir və iqtisadi sahədə tənəzzül var, biz büdcəmizi artırmışıq. Büdcəmizə əlavələr edildi, büdcə dürüstləşməsi aparıldı və bunun əsas məqsədi pandemiyaya qarşı mübarizədə daha da səmərəli addımların atılması və vətəndaşların sosial müdafiəsinin təmin edilməsidir.
Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycanda tətbiq olunan qaydalar, vəziyyətə uyğun şəkildə atılan addımlar və karantin rejimi öz səmərəsini verir. Bunun nəticəsində artıq bir çox şəhərlərdə bütün karantin məhdudiyyətləri aradan qaldırılıb. Ancaq böyük şəhərlərdə bu qalıbdır və bizim hamımızdan asılıdır ki, daha da inamla və daha da qısa müddət ərzində əlavə yumşalma addımları ataq.
Əfsuslar olsun ki, bu gün hələ də bu vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar da mövcuddur və qaydaların kobudcasına pozulması halları da vardır. Belə hallar aşkarlananda təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kateqoriyalardan olan insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq qanun qarşısında hamı bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar, digər tərəfdən qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm ki, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək.
Mən bir daha demək istəyirəm ki, görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq. Hesab edirəm ki, biz buna nail oluruq. Hər şey müqayisə ilə ölçülür. COVID-lə bağlı dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr doğrudan da çox təsirlidir, çox dəyərlidir. Mən hesab edirəm ki, biz məhz bu tədbirlər nəticəsində minlərlə insanın həyatını qoruduq. Qoymadıq ki, xəstəlik geniş vüsət alsın, qoymadıq ki, bu, nəzarətdən çıxsın və bundan sonra da bunu edəcəyik. Nə qədər lazımdırsa, o qədər də edəcəyik. Əminəm ki, birgə səylər nəticəsində, həm də bundan sonra dövlətin qətiyyətli və düşünülmüş ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez bir zamanda normal, adi həyata qayıdaq.
Mən sizi bir daha bu böyük xəstəxananın açılışı münasibətilə təbrik etmək istəyirəm, həkimlərə uğurlar, cansağlığı arzulayıram. Sağ olun.
Sonra Fövqəladə Hallar Nazirliyinin Tibbi və Psixoloji Yardımın təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva bu tibb müəssisəsinin yaradılmasına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirdi, dövlətimiz tərəfindən tibb işçilərinin, həkimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə görülən işlərdən məmnunluqla danışdı. O bildirdi ki, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin bu gün açılışı olan modul tipli hospitalı ən müasir tibbi avadanlıqla təchiz olunub. Bu da öz növbəsində koronaviruslu xəstələrin müalicəsi işini yüksək səviyyədə aparmağa geniş imkan verəcək.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalı ən müasir standartlara cavab verir. Hospitalda koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün bütün şərait yaradılıb, müasir avadanlıqlar quraşdırılıb. Bu il iyulun 7-də açılan 800 çarpayılıq hospital artıq 2277 çarpayılıq tibb müəssisəsinə çevrilib. Burada hər bir çarpayı oksigen xəttinə birləşmiş cihazlarla təmin olunub. Tibb müəssisəsində ümumilikdə 267 reanimasiya çarpayısı var. Burada quraşdırılan avadanlıqlar istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə aparmağa imkan verir. Hospitalın laboratoriyalarında müxtəlif müayinələri dəqiqliklə və operativ şəkildə aparmaq mümkün olacaq. Tibb müəssisəsində yaradılan məlumatların idarəetmə sistemi sayəsində mərkəzi qərargahda müalicə prosesinə aid bütün məlumatlar qəbul edilir və müalicə prosesi bu qərargahdan idarə olunur.
Ümumilikdə ölkədə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.