"Doğrudan da böyük işlərdir. Çünki Azərbaycanda bu məsələ elə səviyyədə həll olunur ki, bunun dünyada bənzəri yoxdur. Çünki bilirsiniz, bir çox ölkədə bu problem mövcuddur”.
ONA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Neftçilər parkında sakinlərlə söhbət zamanı deyib.
Dövlət başçısı problemli kreditlər məsələsinə toxunaraq, bildirib ki, ölkələr və ölkə rəhbərlikləri bu problemin həllinə çalışıb: “Bəzi hallarda qərarlar qəbul edildi, icra olunmadı, bəzi hallarda hələ də müzakirələr gedir. Ancaq biz çox ciddi qərar qəbul etdik və bu, vətəndaşların maraqlarını maksimum nəzərə alan qərar oldu. Təqribən 800 minə yaxın insan bu Fərmandan faydalanacaq”.
Prezident İlham Əliyev deyib ki, o cümlədən minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz qaldırılması da önəmli addımdır: “Ancaq onu da deməliyəm ki, bu artım böyük olsa da, bizi qane edə bilməz. Çünki bizdə maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq. Müvafiq göstəriş verildi. İndi hökumətdə iş aparılır, müvafiq nazirliklərə göstəriş verilib. İndi bizim maliyyə imkanlarımız artıb. Çünki ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirib. Artıq bu ilin əvvəlindən büdcəyə kifayət qədər böyük məbləğ daxil oldu və yığılan əlavə büdcə gəlirləri mənim göstərişimlə, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə istiqamətləndirilməlidir, o cümlədən maaşların, pensiyaların qaldırılmasına. Baxmayaraq ki, biz mart ayında bu qərarı qəbul etdik və aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi, burada da sosial müavinətlər orta hesabla iki dəfə artırılıb və 600 minə yaxın insan bu proqramla əhatə olunub. Bu istiqamətdə işlər davam etdiriləcək. Minimum əməkhaqqı, minimum pensiya Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar”.