“Martın 26-da ticarət mərkəzlərinin birində yanğın baş verib. Xoşbəxtlikdən insan itkisi olmayıb, ancaq o ticarət mərkəzində çalışan insanlara maddi ziyan dəyib”.
ONA-nın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirilən müşavirədə söyləyib.
Dövlət başçısı deyib ki, yanğının səbəbləri araşdırılır, bu gün ilkin məlumat veriləcək və tam araşdırılacaq: “Eyni zamanda biz sahibkarların problemlərini həll etməliyik. Onlar öz iş yerlərini, öz əmlakını itiriblər. Onlara maddi ziyan dəyib. Bəziləri borc alıb və orada malları satışa çıxarıblar. Ona görə, əlbəttə ki, biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik”.
Prezident İlham Əliyev qeyd edib ki, dünən Nizami Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirilib: “Bu gün səhər ikinci görüş keçirilib və onlara deyilib ki, dövlət onlara dəstək və yardım göstərəcək. Belə hadisələr baş verir. Əlbəttə ki, səbəblər tam araşdırılmalıdır və operativ olaraq dövlət sahibkarlara öz maddi yardımını göstərməlidir. İqtisadiyyat Nazirliyi ticarət mərkəzində çalışan sahibkarlarla bir-bir görüşməli, onların problemlərini dinləməli və onlara dəstək göstərməlidir. Maliyyə Nazirliyi operativ olaraq, ilkin maliyyə vəsaiti ayırmalıdır ki, sahibkarlara bu vəsaitin verilməsi təmin edilsin. Bununla bərabər, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi yanmış malların qiymətini sahibkarlarla birlikdə araşdırmalıdır, aydınlaşdırmalıdır və bizdə bu məsələ ilə bağlı dəqiq məlumat olmalıdır”.