• SOSİAL

    17:23 16 may 2019

Publik hüquqi şəxsə çevriləcək orta ixtisas təhsili müəssislərinə dair əsas tələblər açıqlanıb

Orta ixtisas təhsili müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını, habelə əlavə təhsil proqramlarını həyata keçirən publik hüquqi şəxs olacaq.

ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə əksini tapıb.

Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət tərəfindən, o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təklifi əsasında onların tabeliyində orta ixtisas təhsili müəssisəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti, bələdiyyə tərəfindən orta ixtisas təhsili müəssisəsini isə müvafiq bələdiyyə yaradır.

Orta ixtisas təhsili müəssisəsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu əldə edir.

Orta ixtisas təhsili müəssisəsinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- orta ixtisas təhsili proqramlarının həyata keçirilməsi;

- ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisəsinə qəbul olunanlar üçün orta ixtisas təhsili proqramları ilə yanaşı, tam orta təhsil proqramının da həyata keçirilməsi;

- əlavə təhsil proqramlarının həyata keçirilməsi.

Bu təhsil müəssisələrinin vəzifələri sırasına sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsilini təşkil etmək də daxil edilib. Eyni zamanda ölkənin və xarici dövlətlərin ərazisində filiallar (dövlət tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla), idarə və nümayəndəliklər açmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək, habelə təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədilə ictimai təşkilatlarla təhsil birlikləri, assosiasiyaları və ittifaqları yaratmaq, eləcə də bu kimi təşkilatlara üzv olmaq da mümkün olacaq.

Dövlət tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli, bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsində təhsil bələdiyyə hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş şəxslərin dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisələrində təhsil xərcləri müvafiq qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Dövlət tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin ali idarəetmə orqanı Pedaqoji Şuradır. Pedaqoji Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi müvafiq əsasnamə və orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur. Bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsində ali idarəetmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur. Orta ixtisas təhsili müəssisəsinin idarə olunmasında demokratikliyi və şəffaflığı təmin etmək məqsədilə təhsil müəssisəsində idarə və özünüidarə orqanları (himayəçilər, qəyyumlar, valideynlər və s. şuralar) yaradıla bilər. Həmin orqanların yaradılması qaydaları və səlahiyyətləri orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyənləşdirilir. Orta ixtisas təhsili müəssisəsinin cari fəaliyyətinə direktor rəhbərlik edir. Direktor orta ixtisas təhsili müəssisəsinin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, orta ixtisas təhsili müəssisəsinin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur. Direktor bu vəzifələrin orta ixtisas təhsili müəssisəsinin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. O, öz vəzifələrini pozduğu halda, pozuntu nəticəsində orta ixtisas təhsili müəssisəsinə dəymiş zərərin əvəzini ödəməlidir.

Orta ixtisas təhsili müəssisəsinin əmlakı nizamnamə fondundan, ona təsisçinin verdiyi digər əmlakdan, habelə dövlət büdcəsindən və ya yerli büdcələrdən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və öz nizamnaməsi ilə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitdən formalaşdırılır. Orta ixtisas təhsili müəssisəsi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir. Bu mənbələrdən, həmçinin sahibkarlıq fəaliyyətindən əldə olunan vəsait və digər əmlak dövlət tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinə büdcədən ayrılan vəsaitin məbləğinə təsir göstərmir. Dövlət tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsi Nazirlər Kabinetinin müəyyən etdiyi normativlərə uyğun maliyyələşdirilir.

Dövlət tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsi bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. Orta ixtisas təhsili müəssisəsi “Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli qərarında göstərilmiş sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bunun üçün orta ixtisas təhsili müəssisəsi tabe olduğu dövlət orqanının (qurumunun) və ya bələdiyyənin razılığı ilə təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər. Orta ixtisas təhsili müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir. Dövlət tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə (əməkhaqqına əlavələrə və digər stimullaşdırıcı ödənişlərə) yönəldilir.

İcra hakimiyyəti orqanının tabeliyində olan orta ixtisas təhsili müəssisəsi büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaiti A Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitdən istifadə qaydasına uyğun olaraq xərcləyir. Dövlətin yaratdığı digər orta ixtisas təhsili müəssisəsi büdcədənkənar mənbələrdən əldə olunan vəsaitin xərclənməsi istiqamətlərini sərbəst müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardım göstərir. Dövlət tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsində dövlət hesabına göstərilən xidmətlərin dəyəri Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən edilir. Orta ixtisas təhsili müəssisəsinin ödənişli təhsil xidmətlərinin və bu Nümunəvi Nizamnamədə nəzərdə tutulmuş fəaliyyətlə bağlı müvafiq məhsullarının (mallarının, işlərinin, xidmətlərinin) qiymətləri dövlət tərəfindən tənzimlənməyən qiymətlərə aiddir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR