2019-2020-ci tədris ili üçün qabiliyyət imtahanlarının müsabiqə şərtlərində bir sıra dəyişikliklər edilib.
ONA-nın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ödənişli və dövlət sifarişli ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün qoyulan tələblər eynidir.
"V qrupun ixtisasları üzrə qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı 60, qabiliyyət imtahanının yekun nəticəsi balla qiymətləndirilən ixtisaslar üzrə qiyməti 6, məqbulla qiymətləndirilən ixtisaslar üzrə isə qiyməti məqbul olan abituriyentlər müsabiqəyə buraxılacaqlar. Bundan başqa, dizayn ixtisası “Təsviri sənət” istiqamətinə daxil edilib. Bu ixtisas üzrə qabiliyyət imtahanlarında abituriyentlərə imtahan tapşırıqları və imtahan fənləri üçün sərbəst seçim imkanı yaradılıb", - şöbə müdiri qeyd edib.