Dekabrın 23-24-də Abşeronda sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir.
APA-nın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O qeyd edib ki, sabit qar örtüyünün əmələ gəlməsi gözlənilmir, çünki temperatur rejiminin 8-10 dərəcə aşağı düşməsinə baxmayaraq, paytaxtda havanın temperaturu 3 dərəcə selsiyə yaxın olacaq: “Dağlıq və dağətəyi rayonlarda isə intensiv, bəzi yerlərdə qar örtüyünün əmələ gəlməsi ilə güclü qar yağacaq".
U. Tağıyeva yollar buz bağlayacağına görə əhaliyə ehtiyatlı olmağı tövsiyə edib.
U. Tağıyeva bildirib ki, son zamanlar sinoptik-meteoroloqlar konkret region üçün səciyyəvi olmayan hava kütlələrinin nadir, bəlkə də bu vaxtlaradək görünməyən konfiqurasiya və hərəkət istiqamətləri ilə qarşılaşırlar: “Belə proseslərdən biri dekabrın 23-24-də gözlənilir. Adətən qışda soyuq hava kütlələri ölkə ərazisinə şimal-qərb, şimal və ya şimal-şərqdən, yəni Skandinaviya və ya Yeni Torpaq ərazilərindən daxil olaraq havanın xeyli soyumasına və qar yağmasına səbəb olur. Bu dəfə Şərqi Sibir ərazisində temperaturun normadan 17 dərəcəyədək enməsinə səbəb olan anomal soyuq antisiklonun qolu hava kütlələrinin adətən qərbdən şərqə axınının əksinə olaraq, şərqdən qərbə uzanaraq ayın 23-24-də bizim regiona çatacaq”.