Ədliyyə Nazirliyinə qəbir yerlərinin rezervasiyası tələblərinin pozulmasına görə cərimə tətbiq etmək səlahiyyəti verilib.
ONA-nın məlumatına görə, bu, bu gün Prezident İlham Əliyevin fərmanı ilə “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na edilən dəyişiklikdə əksini tapıb.
İnzibati Xətalar Məcəlləsində qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulub. Qəbir yerlərinin rezervasiyası tələblərinin pozulmasına dair inzibati xətalar haqqında işlər üzrə protokol Ədliyyə Nazirliyi adından ədliyyə naziri, onun müavinləri, nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəisi, onun müavini, həmin baş idarənin idarə və şöbə rəisləri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının Qeydiyyat və notariat şöbəsinin rəisi tərəfindən tərtib ediləcək.