Qızıltəpə abidəsində arxeoloji tədqiqat işləri aparılıb.
ONA-nın Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) istinadən verdiyi xəbərə görə, 2019-cu ilin mart-aprel aylarında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin rəhbəri olduğu İmişli arxeoloji ekspedisiyası İmişli rayonunun Qizilkənd inzibati ərazi vahidində yerləşən Qızıltəpə abidəsində arxeoloji tədqiqat işlərini davam etdirib.
Aparılan tədqiqatlar nəticəsində Qızıltəpə abidəsinin müdafiə xarakterli və ciddi qorunan bir qala olduğu müəyyən edilib. İki hissədən ibarət olan Qızıltəpə 5 hektardan çox ərazini əhatə edir, 17 metrə yaxın hündürlüyü olan tarixi abidədən ətrafı çox yaxşı müşahidə etmək mümkündür. Bu yerin bir özəlliyi və unikallığı da ondan ibarətdir ki, qala tamamilə su hövzəsi ilə əhatə olunub.
Bu il aparılan tədqiqatlar zamanı abidədə stratiqrafiyanı öyrənmək üçün 23m uzunluğunda, 1 metr enində şurf qazılıb. Arxeoloji qazıntı zamanı sahənin cənub istiqamətində çiy kərpicdən tikilmiş eni 55 sm olan divar qatı, daha sonra qərb istiqamətində də paralel olaraq digər çiy kərpicdən hörülmüş divar, yaxşı vəziyyətdə olan təndir kürəsi aşkarlanıb.
Ərazidə üzərində rəngli naxışlar olan, şirli və şirsiz, həmçinin əl işləri ilə döymələr vurulan bir çox məişət əşyaları, şüşə qab fraqmentləri, sümük alətləri, mis sikkələr də tapılıb.
“Qazıntının ilk mərhələsindən aşkar olunmuş maddi mədəniyyət nümunələri abidənin orta əsrlərə aid olduğunu göstərsə də, qeyd etmək istərdim ki, stratiqrafik şurfdan dəmir dövrü, yəni e.ə. I minilliyə aid material da aşkar olunub” - deyə ekspedisiya rəhbəri M.Mustafayev vurğulayıb.