"Biz hazırlaşırıq ki, Abşeron yarmadasını xəstəlikdən azad zonaya çevirək. Xəstəlikdən azad zonanın olması vacib məsələdir".
ONA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, bu layihə gələcəkdə Azərbaycanın bütün regionlarını əhatə edəcək: “İki gün öncə sərgidə təqdim etdiyimiz qida təhlükəsizlik göstəriciləri olan səhra labarotoriyaları da layihənin bir hissəsidir".
Sədr bildirib ki, xəstəlikdən azad zona deyəndə həmin zonanın heyvan mənşəli xəstəliklərdən azad olunması nəzərdə tutulur: "Abşeron yarmadasının seçilməsi təsadüfi deyil. Bu layihəyə beynəlxalq və yerli ekspertlər rəy veriblər. Həmin rəylərə əsasən, Abşeron ən məqsədəuyğun rayon seçilib. Çünki burada köçəri heyvanlar az olduğu üçün xəstəliyin bir yerdən digər yerə daşınmaması əmsalı daha yüksəkdir. Onunla əlaqədar burda bütün heyvanların identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək. Ölkəyə idxal olunan və ölkədə doğulan heyvanın ölüm anına kimi tutulduğu bütün xəstəliklərin qeydiyyatı aparılacaq. Bu da imkan verəcək ki, ət və süd məhsullarının təhlükəsizliyi təmin olunsun".