• SOSİAL

    11:54 27 mart 2019

Qurban Yetirmişli: “Şamaxıda zəlzələ zamanı normalara uyğun tikilməyən binalarda daha çox dağıntı olub"

"Əsas məqsədimiz yeni binaların tikildiyi ərazilərin seymikliyinin maksimal balını müəyyən edib, dəqiqləşdirməkdir. Bakıda indiyə qədər tikilən binaların hamısı üçün bunu etmişik. Amma son vaxtlar bizə bununla bağlı müraciətlər olmayıb".

ONA xəbər verir ki, bunu AMEA Respublika Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Azərbaycanda olan son zəlzələlər göstərdi ki, normativlərə uyğun inşa edilmiş binalar zəlzələləyə davamlıdır: "Məsələn, Şamaxıda bu ilin fevral ayında baş verən zəlzələ zamanı normalara uyğun tikilən binalarda heç bir problem yaranmadı. Keyfiyyətsiz və standartlara uyğun olmayan, çay daşlarından tikilmiş binalarda daha çox dağıntı olub".

Q.Yetirmişli əlavə edib ki, yeraltı təkanlar daim qeydə alınır: "Qısamüddətli güclü zəlzələnin proqnozunu vermək qeyri-mümkündür. Saniyələr içində baş verən güclü zəlzələlərin yerini, vaxtını, gücünü demək çətindir. Çünki zəlzələ 9-10 saniyə ərzində baş verir. Amma uzunmüddətli zəlzələ üçün deyə bilərik ki, hansı sahə gərgindir və orada zəlzələ gözlənilir".

Q.Yetirmişli deyib ki, ölkəmizin seysmoloji bölgələri Xəzər dənizinin Azərbaycan sektoru, Abşeron yarımadası, Şamaxı-Ismayıllı, Quba-Qusar, Şəki-Zaqatala bölgəsi, Kiçik Qafqazda Basarkeçər və Kəlbəcər zonası və Naxçıvan zonasıdır.

Mərkəz direktoru Azərbaycanın ümumilikdə seysmoloji bölgədə yerləşdiyini söyləyib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR