Daxili işlər naziri, general-polkovnik Ramil Usubov növbəti vətəndaş qəbulu keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov aprelin 27-də Göyçay şəhərində növbəti qəbul keçirib.
Rayon Polis Şöbəsində baş tutan tədbirdə Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının qəbula gələn 125 sakini ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyatı baş idarə, idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb.
Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlət başçısına minnətdarlıq edib, onun ölkəmizin sürətli inkişafına yönəlmiş ardıcıl, məqsədyönlü siyasətini bundan sonra da dəstəkləyəcəklərini vurğulayıblar.